Statuslar

Vergi güzəştini nəzərdə tutan arayış forması təsdiq olunmayıb

5 gündən sonra 2019-cu ilin 1-ci rübü başa çatır. Bu müddət ərzində Vergilər Nazirliyi 2019-cu ildə Vergi Məcəlləsinə edilən dəyişiklikləri nəzərə almaqla həm AVİS proqram təminatını, həmdə arayış formalarını bu dəyişikliklərə uyğunlaşdırmayıb.


2019-cu ildən mikro sahibkar (fiziki və ya hüquqi) şəxslər mənfəət (gəlir) vergisindən 75% güzəştdən yararlanacaq. 2018-ci ildə sadələşmiş verginin ödəyicisi olub, 2019-cu ildən mənfəət vergisinin ödəyicisi olan şəxslər cari vergi məbləğini Vergi Məcəlləsinin 151.5-ci maddəsinə əsasən özü hesablayıb arayışı vergi orqanına təqdim edəcək. Bu məsələdə problem yoxdur.

Lakin 2018-də mənfəət vergisinin ödəyicisi olan mikro sahibkar 2019-cu ildən Vergi Məcəlləsinin 151.2-ci maddəsinə əsasən cari vergi ödəmələri barədə arayış təqdim etsə 75% güzəştin tətbiqi mümkun olmayacaq. Daha doğrusu arayışın forması buna imkan vermir.
Məsələn 150000 manat dövriyyəsi olan şəxs xərclər çıxıldıqdan sonra 30000 manat mənfəətdən 2018-ci ildə 6000 manat mənfəət vergisi ödəyib. Məcəlləyə əsasən bu şəxsə 2019-cu ildə ya Məcəllənin 151.1-ci maddəsinə əsasən vergi orqanı hər rüb şəxsi hesab vərəsində 1500 manat cari vergi məbləği hesablamalıdır. Təbii ki, mikro sahibkar olduğu üçün AVİS proqram təminatı 1500 manat məbləğə 75% güzəşt verilməklə cari vergi məbləği hesablanmalıdır. Yəni cari vergi məbləği 375 manat hesablanmalıdır. Cari vergi məbləği hələlik hesablanmadığı üçün ümid edirəm ki, AVİS proqram təminatında bu məsələ öz həllini tapacaq. Bu məsələnin bir tərəfi.

Digər məqam isə ondan ibarətdir ki, həmin şəxsin 2018-ci ildə mənfəət vergisinin məbləği ümumi dövriyyənin 4%-ni təşkil edir ((6000/150000)*100). Həmin şəxs istəsə 2019-cu ildə ümumi dövriyyəsinin 4%-i həcmində cari vergi məbləğini ödəmək istəsin. Bu onun hüququdur. Bunun üçün Vergilər Nazirliyinin təsdiq etdiyi xüsusi arayış təqdim olunmalıdır. Hesab edək ki, 2019-cu ilin 1-ci rübündə ümumi dovriyyə 40000 manatdır. Dəyişikliyə qədər bu zaman 40000 manatın 4%-i həcmində cari vergi məbləği ödəyirdi. Lakin 2019-dan 75% güzəşt tətbiq olunmalı olduğu üçün arayışın formasına Vergilər Nazirliyi dəyişiklik etməlidir ki, (40000*4%) 1600 manata 75% güzəşt tətbiq etmək mümkün olsun. Hələ ki, 75% güzəştin tətbiqini nəzərdə tutan müvafiq arayış forması təsdiq olunmayıb.

3-cü məsələ isə ondan ibarətdir ki, Vergi Məcəlləsinin 199.14-cü maddəsinə əsasən mikro sahibkar 2019-cu ildən əmlak vergisini ödəməkdən azad olunub. Lakin mikro sahibkar 2018-ci il üçün əmlak vergisi bəyannaməsini vergi orqanına təqdim edildikdə AVİS proqram təminatı 2019-cu il üçün cari əmlak vergisini hesablayır. Hansı ki, 2019-cu ildən mikro sahibkarlıq subyekti əmlak vergisi ödəməməlidir. Nəticədə mikro sahibkarlıq subyekti üçün əsassız vergi öhdəliyi yaranır.
Qeyd olunanları nəzərə alaraq mikro sahibkarlıq subyektləri üçün:

*2019-cu ildə hesablanmış cari əmlak vergisi məbləğləri şəxsi hesab vərəqəsindən azaldılmalıdır;
*2019-cu il üçün Məcəllənin 151.2-ci maddəsinə əsasən cari mənfəət (gəlir) vergisinin hesablanması üçün (75% güzəştin tətbiqi məqsədi ilə) arayış forması təsdiq edilməlidir;
*2019-cu il üçün Məcəllənin 151.1-ci maddəsinə əsasən cari mənfəət vergisi hesablanan zaman AVİS proqram təminatı 75% güzəşti nəzərə almalıdır.
Ümidvaram ki, qeyd olunan məsələlər qısa müddət ərzində öz həllini tapacaq.

 

Vəli Əliyev
​​​​​​​Ekspert ​​​​​​​

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department