Sərhəddə "siqaret əməliyyatı"
Gürcüstandan Azərbaycana keçirilən qeyri-qanuni mallar aşkarlanıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, əməliyyat Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsi tərəfindən həyata keçirilib.
“Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşına məxsus “VAZ -21013” markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual edilib.
Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobilin salonunda – döşəmənin altında gizlədilən 1000 ədəd “Marlboro” markalı siqaret, 10 ədəd “Apple” markalı qulaqcıq və 100 qramlıq səkkiz ədəd şüşə qablarda balıq kürüsü aşkarlanıb.
İdarənin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan digər bir məlumata əsasən isə “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “VAZ 21063” markalı avtomobil saxlanılıb və nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Baxış zamanı avtomobilin salonunda – döşəmənin altında gizlədilən 3000 ədəd “Marlboro” markalı siqaret və 10 ədəd “Apple” markalı qulaqcıq aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır