Anthropic-in AI modeli biologiyada yeni kəşfə imza atıb
Anthropic-in süni intellekti yeni ferment sistemi aşkarlayıb
“Anthropic” şirkətinin süni intellekt modeli “Claude” bakteriyalara yoluxan virusların DNT-sində daha əvvəl məlum olmayan və CRISPR-a bənzər xüsusiyyətlərə malik ferment sistemi aşkarlayıb.
ENA.az xəbər verir ki, TechCrunch-ın məlumatına görə, şirkətin Kaliforniyada fəaliyyət göstərən biologiya laboratoriyasında aparılan araşdırmada “Claude” təxminən 950 agentdən istifadə edərək 210 milyon tokenlik məlumatı analiz edib. Sistem üzərində təxminən 21 saatlıq işdən sonra yeni bioloji quruluş müəyyənləşdirilib.
Anthropic-in açıqlamasına görə, ART adlandırılan sistem əsasən bakteriofaqlarda, yəni bakteriyaları yoluxduran viruslarda rast gəlinir. Sistem DNT-nin kəsilməsi və kopyalanması kimi proseslərdə CRISPR-a bənzər xüsusiyyətlər göstərə bilər. Şirkət bildirir ki, araşdırmanın ilk mərhələsində sistemin bir sıra qısa RNT-lər yaratdığı da müəyyənləşdirilib.
Bununla belə, kəşfin elmi əhəmiyyətinin tam müəyyənləşdirilməsi üçün əlavə araşdırmalar və müstəqil yoxlamalar tələb olunur. Anthropic-in baş direktoru Dario Amodei də sistemin bəzi xüsusiyyətlərinin daha əvvəl Stanford tədqiqatçıları tərəfindən aşkarlanmış nümunələrə bənzədiyini qeyd edib.
Şirkət vurğulayır ki, laboratoriyadakı fiziki təcrübələr hazırda insanlar tərəfindən həyata keçirilir. Laboratoriyada yalnız BSL-1 və BSL-2 səviyyəli işlər aparılır və insanlara yoluxa bilən patogenlərlə işlənilmir.


















