Nvidia-nın rüblük gəlir proqnozu gözləntiləri üstələyib – 108 milyard dollar olacağı gözlənilir
Süni intellekt çiplərinə yüksək tələbdən faydalanan ABŞ-ın texnologiya şirkəti Nvidia növbəti rüb üzrə gəlir proqnozunu analitiklərin gözləntilərindən yüksək açıqlayıb.
ENA.az xəbər verir ki, bu barədə Bloomberg və Reuters məlumat yayıb.
Şirkət cari rüb üzrə gəlirinin təxminən 108 milyard dollar olacağını proqnozlaşdırır. Analitiklərin orta gözləntisi isə 104,2 milyard dollar səviyyəsində idi. Nvidia həmçinin gəlir proqnozunda Çində məlumat mərkəzi çiplərinin satışını nəzərə almadığını bildirib.
Rüblük gəlir 96 milyard dolları keçib
Nvidia-nın son rübdə gəliri illik müqayisədə iki dəfədən çox artaraq 96,22 milyard dollar təşkil edib. Şirkətin xalis mənfəəti isə 59,69 milyard dollara yüksəlib. Məlumat mərkəzləri bölməsinin gəliri 89 milyard dollar olmaqla illik 117% artıb.
Şirkət 2028-ci maliyyə ilində gəlirlərinin təxminən 70% artacağını gözləyir. Bununla belə, Nvidia yaddaş və digər komponentlərin bahalaşmasının mənfəət marjasına təzyiq göstərə biləcəyi barədə xəbərdarlıq edib.
Nvidia-nın nəticələri süni intellekt infrastrukturuna investisiyaların davamlılığı baxımından texnologiya bazarı üçün mühüm göstərici hesab olunur. Şirkətin proqnozu AI çiplərinə tələbin hələ də yüksək olduğunu göstərir

















