Yaxın Şərqdə gərginlik davam etsə də, neft ucuzlaşdı (30.07.2026)
Yaxın Şərqdə hərbi gərginliyin davam etməsinə baxmayaraq, regiondan neft tədarükünün tam dayanmayacağına dair gözləntilər dünya bazarında neft qiymətlərinin bir qədər geriləməsinə səbəb olub.
Məlumata görə, Brent markalı neftin sentyabr fyuçersləri 1,42% ucuzlaşaraq bir barel üçün 89,45 ABŞ dollarına, WTI markalı ABŞ xam nefti isə 0,66% dəyər itirərək 83,90 ABŞ dollarına düşüb.
Bununla belə, əvvəlki ticarət sessiyasında neft qiymətləri kəskin yüksəlmişdi. Belə ki, Brent nefti 7,91%, WTI isə 6,56% bahalaşaraq ABŞ-İran müharibəsinin başlanmasından bəri ən sərt gündəlik artımlardan birini qeydə almışdı. Bu yüksəliş daha əvvəl atəşkəs gözləntiləri fonunda baş verən təxminən 5%-lik enişi kompensasiya etmişdi.
İlkin məlumatlara görə, çərşənbə axşamı 39 yük gəmisi Bab əl-Məndəb boğazından keçərək Qırmızı dənizə daxil olub ki, bu da iyulun 19-dan bəri ən yüksək göstəricidir. Bununla yanaşı, Hörmüz boğazından keçən gəmilərin sayı hələ də məhdud olaraq qalır.
IG şirkətinin bazar analitiki Toni Saykamor bildirib ki, ümumi daşınma həcmləri azalsa da, neft alternativ marşrutlar vasitəsilə regiondan çıxarılmağa davam edir. Onun sözlərinə görə, alternativ nəqliyyat marşrutlarının genişlənməsi İranın Hörmüz boğazı üzərindəki təsir imkanlarını tədricən zəiflədə bilər.
Bununla yanaşı, bölgədə geosiyasi risklər yüksək olaraq qalır. ABŞ və Səudiyyə Ərəbistanının İraqda İranın dəstəklədiyi silahlı qruplaşmalara zərbələr endirdiyi, İranın isə İordaniyadakı ABŞ bazalarını hədəfə aldığını və Hörmüz boğazından keçən üç neft tankerinə zərbə endirdiyini açıqladığı bildirilir. Analitiklər hesab edirlər ki, Yaxın Şərqdə baş verən hadisələr yaxın dövrdə neft bazarında yüksək volatilliyin davam etməsinə səbəb ola bilər.

















