Birja

ABŞ-İran gərginliyinin azalması qlobal bazarlara nəfəs verdi

ABŞ və İran arasında hərbi əməliyyatların müvəqqəti dayandırılması qlobal maliyyə bazarlarında risk iştahasını artırıb. Gərginliyin azalması fonunda səhmlər bahalaşıb, neft qiymətləri isə geriləyib.

ENA.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Məlumata görə, ABŞ-ın İrana qarşı hücumlara fasilə verməsi və Tehranın cavab zərbələrini dayandırması investorların narahatlığını qismən azaldıb. Nəticədə ABŞ fond indeksləri üzrə fyuçerslər yüksəlib, Asiya birjalarında isə müsbət dinamika müşahidə olunub.

Bununla yanaşı, neft qiymətləri həftəyə kəskin enişlə başlayıb. Bununla belə, HörmüzBab əl-Məndəb boğazlarında gəmi hərəkətinin hələ də aşağı səviyyədə qalması enerji təchizatına dair risklərin tam aradan qalxmadığını göstərir.

İnvestorlar hesab edirlər ki, Yaxın Şərqdə geosiyasi risklərin azalması inflyasiya təzyiqlərini zəiflədə və qlobal iqtisadi artıma dəstək verə bilər. Bunun fonunda səhmlərə tələbin artması bazarlarda optimizmi gücləndirib.

Analitiklərin fikrincə, bazarlarda hazırkı müsbət əhval-ruhiyyənin davam edib-etməyəcəyi regiondakı geosiyasi vəziyyətin inkişafından, eləcə də enerji təchizatı ilə bağlı risklərin necə dəyişəcəyindən asılı olacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)