Azərbaycan maliyyə cinayətləri ilə mübarizədə süni intellektdən istifadəyə başlayıb
Azərbaycanda maliyyə cinayətləri ilə mübarizə və şübhəli əməliyyatların monitorinqi sahəsində süni intellekt texnologiyalarının tətbiqinə başlanılıb.
Bunu Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə Amerika Ticarət Palatasının ("AmCham Azerbaijan") təşkilatçılığı ilə keçirilən "Azərbaycanda ilk Risk və Dayanıqlılıq Konfransı" adlı tədbirdə bildirib.
O xatırladıb ki, maliyyə institutlarının avtomatlaşdırılması məqsədilə ŞƏMS- Şübhəli Əməliyyatların Monitorinqi Sistemi yaradılıb: "Bu sistem vasitəsilə maliyyə kəşfiyyatı funksiyalarının avtomatlaşdırılması, şübhəli şəxslərin qısa müddətdə araşdırılması və 15-dən çox qurum üzrə profil məlumatlarının formalaşdırılması mümkün olub. Hüquq-mühafizə orqanları, dövlət qurumları və öhdəlik daşıyan şəxslər çoxfunksiyalı şəxsi kabinetlə təmin olunub. Hazırda təhlillərin daha operativ və səmərəli aparılması üçün Biznes Analitika (BI) alətləri, qrafik və diaqram əsaslı vizuallaşdırma sistemlərindən istifadə edilir".
Sədrin sözlərinə görə, süni intellekt texnologiyaları benifisiar mülkiyyət reyestrinin formalaşdırılması, profil məlumatlarının təhlili və maliyyə əməliyyatlarının şəffaflığının təmin edilməsində də tətbiq olunur: "Artıq müştərilərin risk qiymətləndirilməsi sisteminin tətbiqinə başlayırıq. Burada fiziki və hüquqi şəxslərin profil məlumatları, maliyyə əməliyyatları və digər göstəricilər əsasında müxtəlif parametrlər üzrə risk qiymətləndirilməsi aparılacaq".
Z.Fətizadə əlavə edib ki, son illər qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və dövlət qurumları arasında koordinasiyanın artırılması istiqamətində mühüm addımlar atılıb: "Maliyyə cinayətləri ilə mübarizənin gücləndirilməsi iqtisadi sabitliyin qorunmasına, xarici investisiyaların cəlb edilməsinə və Azərbaycanın beynəlxalq maliyyə sistemində mövqeyinin möhkəmlənməsinə xidmət edir".

















