Aviaşirkətlər əlavə gəlir mənbələrindən milyardlar əldə edirlər
Aşağı büdcəli aviaşirkətlər kimi ənənəvi aviaşirkətlər də son illər bilet qiymətlərini tədricən aşağı salırlar. Baza qiymətləri aşağı salan şirkətlər bunun əvəzində əlavə xidmətlərdən böyük gəlir əldə edirlər.
"Businessinsider.az" xəbər verir ki, səyahət texnologiyaları platforması “CarTrawler” 2014-2018-ci illər ərzində 175 aviaşirkətin bilet satışı dövriyyəsini araşdırıb. Müəyyən edilib ki, şirkətlər həmin dövr ərzində biletlərin baza qiymətlərindən əlavə olaraq təqdim etdikləri müxtəlif xidmətlərə görə gəlirlərini 128 faiz artırıb və 64,8 milyard dollar gəlir əldə ediblər. Dünyada 300-dən artıq aviaşirkətin olduğunu nəzərə alaraq, göstərilən rəqəmlər əslində daha yüksək ola bilər.
Araşdırmaya görə, aviaşirkətlər əlavə baqaj, təyyarə göyərtəsində yer seçimi, hamıdan öncə təyyarəyə daxilolma imkanı, yemək, içkilər, multimedia xidmətlərindən istifadə və digər xidmətləri müştərilərə ödənişli əsaslarla təklif edir və bu xidmətlərin satışından böyük qazanc əldə edirlər. Platforma bu sahədə ən qabaqcıl yerləri ABŞ aviaşirkətlərinin (“United”, “Delta” və “American”) tutduğunu qeyd edib. Bu şirkətlərin hər biri əlavə xidmətlərdən illik təxminən beş milyard dollar gəlir əldə edir.
Platformanın rəyinə əsasən, bilet satışındakı artıq yeni sayılmayan strategiya medalın iki üzü təsirini bağışlayır. Bir tərəfdən müştərilər əlavə xidmətləri fərdi qaydada seçə bilmək imkanı sayəsində onlara lazım olmayan xidmətlərdən imtina etməklə büdcəyə qənaət edə bilirlər. Medalın xoş olmayan üzü ondan ibarətdir ki, aviaşirkətlər yeni-yeni ideyalarla müştərilər üçün əlavə xərclər yaratmağa çalışır və diqqətli olmayan müştərilər çox vaxt bu cür “tələ”lərdən yaxa qurtara bilmirlər.