Azərbaycanda daha 6 quyu qazmağı planlaşdırır
"Bizim D-230 kəşfiyyat blokuna çox böyük ümidlərimiz var".
"Businessinsider.az"ın məlumatına görə, bunu “BP"nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Couns təmsil etdiyi şirkətin 2018-ci ildəki fəaliyyəti və 2019-cu il üçün planları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu kəşfiyyat blokunda işlər uğurlu olarsa, BP II “Azəri-Çıraq-Günəşli” yatağını kəşf etmiş olacaq.
”Bundan başqa, BP “Qobustan” kəşfiyyat bloku ilə bağlı müqaviləyə qoşulub”, - deyə Q.Couns qeyd edib.
Onun sözlərinə görə, BP ümumilikdə 4 kəşfiyyat müqaviləsi imzalayıb: “Bu müqavilələr Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə yarıbarıyarı iştirak payına malikdir. Növbəti 2 il ərzində bu müqavilələr əsasında 6 quyu qazmağı planlaşdırırıq”.
Qeyd edək ki, BP və SOCAR arasında Xəzərin Azərbaycan sektorunda yerləşən Şimal Abşeron hövzəsində D230 saylı blok daxilindəki potensial perspektivli strukturlarda birgə kəşfiyyat işlərinin aparılması üçün 2018-ci ilin aprel ayında Hasilatın Pay Bölgüsü Haqqında Saziş (HPBS) imzalanıb. Saziş 2018-ci ilin oktyabrında Azərbaycanın parlamenti tərəfindən ratifikasiya edilib.
25 illik müddəti əhatə edən HPBS-ə əsasən, BP 50% iştirak payına malik olmaqla kəşfiyyat dövründə operator olacaq, iştirak payının digər 50%-i isə SOCAR-a məxsus olacaq.