Sənaye

SOCAR Özbəkistan dizelinin Kulevi limanı ilə tranzitini təşkil etmək niyyətindədir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistandan dizel yanacağının Gürcüstanın Qara dənizdəki Kulevi terminalı vasitəsilə dünya bazarlarına tranziti imkanlarını nəzərdən keçirir.

Bu barədə SOCAR-ın Beynəlxalq biznesin inkişafı departamentinin rəhbəri Toğrul Köçərli bildirib.

"Hazırda "SOCAR Trading" Özbəkistandan nafta yükləyərək Qara dəniz limanlarına çatdırır. Nəzərdən keçirilən məhsul dizeldir. Söhbət Özbəkistanda istehsal olunan dizel yanacağından gedir. Əgər razılığa gəlsək, bu məhsul da Kulevidəki terminalımız vasitəsilə ixrac olunacaq", - o deyib.

Departament rəhbəri qeyd edib ki, milli neft məhsullarının tranziti və beynəlxalq bazarlara çıxarılması məsələsində Azərbaycanın çoxillik biznes tərəfdaşları olan Qazaxıstan və Türkmənistandan fərqli olaraq, Daşkəndlə bu sahədə əməkdaşlığa yalnız cari ildə start verilib.

"Əslində birgə işin təməli xeyli əvvəl - tərəflər arasında yaradılmış üçillik "Turan" enerji layihəsi çərçivəsində qoyulub. Lakin onun praktiki icrasına və aktiv əməliyyat fəaliyyətinə məhz bu ildən başlanılıb", - T. Köçərli əlavə edib.

Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən idarə olunan Kulevi terminalı və dəniz limanı 16 may 2008-ci ildə fəaliyyətə başlayıb. Terminal karbohidrogenlərin və neft-kimya məhsullarının nəqli üçün nəzərdə tutulub. Onun xidmətlərinə karbohidrogenlərin və neft-kimya məhsullarının dəmir yolu ilə qəbulu, rezervuarlara nəqli, saxlanması, gəmilərə yüklənməsi və liman qurğularının istismarı daxildir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)