Persona

Alman treyder sanksiyalara məruz qalan Rusiya neftindən iki ildə 250 milyon dollar qazanıb. Necə?

Alman treyder Kristofer Eppinger sanksiyalara məruz qalan Rusiya neftindən iki il ərzində 250 milyon dollar qazanıb. O bu fəaliyyəti ilə heç bir cinayət törətməsə də, yenə də dayandırmaq qərarına gəlib. Financial Times onun qurduğu "ticarət zənciri" ilə bağlı hekayəsini dərc edib.

Yazıda göstərilir ki, 2022-ci ildə Rusiya Ukraynanı işğal etdikdə və dünyanın ən böyük enerji şirkətləri rus təchizatçıları ilə əməkdaşlığını tələsik dayandırdıqda, qlobal neft bazarında nəhəng – riskli, lakin son dərəcə gəlirli bir imkan açılıb. Əksər oyunçular sanksiyaların pozulmasından və ya “toksik” sxemlərə cəlb olunmaqdan qorxaraq uzaq durmağı seçiblər. Rusiya neftinin ticarətini davam etdirənlər arasında 27 yaşlı alman taciri Kristofer Eppinger də var. Növbəti iki il yarım ərzində o, təqribən 2 milyard dollarlıq əməliyyatlar həyata keçirib. Onun şəxsi gəliri isə 250 milyon dolları ötüb.

Dosyesinə baxdıqda, Kristofer Eppinger 1994-cü ildə Hamburq yaxınlığında mühəndis və sovet kökləri olan həkimin ailəsində anadan olub. O, Almaniyada biznes təhsili alıb və 21 yaşında Qazaxıstanın dövlət neft şirkəti olan KazMunayQazda təcrübə keçib.

Tezliklə o, Qazaxıstanda kiçik yanacaq istehsalı müəssisəsi yaratmaq üçün 1 milyon dollar bağışlayan Hamburqda yerləşən SET Select Energy şirkətinin qurucusu Ture fon Vahlın diqqətini çəkib. Eppinger əlavə investisiya cəlb edə bilsə də, yerli tərəfdaşları tərəfindən aldadılıb. 2021-ci ildə investorlarından biri onu dələduzluqda ittiham edib və cinayət işi qaldırmağa çalışıb. İttihamlar qəbul olunmasa da Eppingerin reputasiyası ləkələnib.

O, Dubayda yeni iş tapıb və tezliklə Fuceyrə əmirliyində Almaniyanın Uniper enerji şirkətinə məxsus neft emalı zavoduna neft satmağa başlayıb. 2022-ci ildə Uniper bir şərt qoydu: Rusiya nefti almayacaq. Eppinger tədarük zəncirini yenidən qurmaq məcburiyyətində qalıb. Tejarinaft şirkəti ilə tanış olub və bu şirkət BƏƏ vasitəsilə neft nəql edib və daxil olan neft Rusiya idisə, gedəndə rəsmi olaraq “qarışdırılmış” olub.

2023-cü ilin fevralından başlayaraq Qərb ölkələri Rusiya neftinə qiymət həddi tətbiq etdi. Eppinger onu “sanksiyalaşdırılmış” qiymətə (barel üçün 60 dollardan çox olmayan) almağa, Tejarinaft və digər oxşar vasitəçi şirkətlər vasitəsilə tam qiymətə (90 dollara qədər) “qarışıq” kimi satmağa başladı. Alıcılar arasında Fujairahdakı eyni Uniper neft emalı zavodu da var idi. Müvəffəqiyyətin açarı neftin mənşə sertifikatını əldə etmək bacarığı idi: əgər orada “Rusiya” deyilsə, alıcıların heç bir sualı yox idi.

2022-ci ildən 2025-ci ilə qədər Eppingerin şirkəti Braziliyadan Çinə qədər bütün dünya üzrə müştərilərə 3,3 milyon ton neft satdı.

Eppinger 30 yaşını (13 iyun 2024-cü il) Kannın ən bahalı restoranlarından biri olan La Guérite-də təkcə 300 şüşə Cristal şampanı (ən azı 100.000 avro dəyərində) ilə qeyd edib. O, həmçinin Kot d'Azurda iki ev alıb - biri özü üçün, digəri isə valideynləri üçün. O, həmçinin Dubayda bir neçə mülkə sahibdir və 40 yaşına kimi bir ada almağı planlaşdırır. Onda Pikassonun şəxsi kolleksiyası da var.

2024-cü ildən etibarən ABŞ Dubay treyderlərinə qiymət həddini pozub pozmamasından asılı olmayaraq sanksiyalar tətbiq edir. Eppinger Rusiya nefti ilə ticarəti dayandırıb və hətta şirkətinin adını dəyişib: əvvəllər CE Energy adlanırdı, indi Petrichordur. O, Rusiya neftindən pul qazandığını gizlətmir, lakin gələcəkdə belə riskli bizneslə məşğul olmaq fikrində deyil.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)