Bank

Unibank şəhid və qazi övladları üçün Şirvanda bayram tədbiri keçirib

Unibank 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid və qazi övladları üçün Şirvan şəhərində bayram şənliyi təşkil edib. Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə keçirilən tədbirin əsas məqsədi uşaqlara bayram sevinci bəxş etmək, həmçinin cəmiyyətin həssas qruplarına diqqət və qayğını artırmaq olub.

Tədbirin əvvəlində uşaqlar Unibank KB rəhbərliyi adından təbrik edilib, onlara xoş arzular çatdırılıb. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının müavini Aynur Fərzəliyeva da şəhər rəhbərliyinin təbriklərini uşaqlara çatdıraraq, onlara uğurlar arzulayıb.

Tədbir çərçivəsində uşaqlar üçün maliyyə savadlılığı üzrə maarifləndirici təlim də keçirilib. Təlim zamanı uşaqlara pul, qənaət və düzgün xərcləmə vərdişləri barədə sadə və maraqlı formada məlumat verilib, mövzuya uyğun interaktiv oyunlar təşkil olunub.

Bayram proqramında uşaqlar üçün müxtəlif əyləncəli fəaliyyətlər, oyunlar və interaktiv proqramlar keçirilib. Sevilən nağıl və cizgi film personajları tədbirə xüsusi rəng qataraq, uşaqlarla ünsiyyət qurub, onların bayram sevincini daha da artırıb.

Unibank tərəfindən tədbirdə iştirak edən bütün uşaqlara hədiyyələr təqdim olunub. Uşaqların valideynləri də tədbirdə iştirak edərək təşəbbüsü yüksək qiymətləndirib və belə sosial layihələrin əhəmiyyətini vurğulayıblar.

Unibank sosial məsuliyyət strategiyası çərçivəsində cəmiyyətin müxtəlif təbəqələrinə dəstək göstərən layihələrin həyata keçirilməsini davam etdirir.

Unibank- Sənin Bankın!

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)