MALİYYƏ

Banklara verilən "dollar kağız pulları" nə məqsəd daşıyır?

"Müxtəlif rəsmi açıqlamalardan götürdüyüm qeydlərdən çıxardığım ilkin nəticə budur ki, problemli kreditlərin həlli üçün 1.8 mlrd. manata yaxın vəsait tələb edilir."

"Businessinsider.az" xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev bildirib.

O əlavə edib ki, bu məbləğin təqribən 700 mln. manatı məzənnə dəyişkiliyi nəticəsində vətəndaşların əsas borc məbləği üzrə yaranmış əlavə vəsaitin kompensasiyasına gedəcəyi gözlənir.

682 mln. manat isə fərman imzalanan günə ödəmə müddəti 360 günü ötmüş 10000 dollar və ya 17000 manata qədər olan borcların yenidən şərtləndirilməsi ilə bağlı olacaq. Əlavə olaraq valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq üçün 365 mln. manat qiymətli kağız formasında, xarici valyuta ekvivalentində borc dəstəyi veriləcək.
Beynəlxalq Bank əməliyyatından sonra bu hökumətin bank sektorunun fəaliyyətindən dolayı 2-ci ən böyük yardım paketidir. 

Dünənki fərmanla bağlı bir vacib məqam: əsas suallardan biri budur ki, Mərkəzi Bankın kommersiya banklarına 5 illiyə illik 1%-lə 682 mln. manat güzəştli kredit dəstəyindən əlavə 215 mln. dollar ekvivalentində (365 mln. manat) illik 0.5%-lə qiymətli kağız formasında verməsinin səbəbi nədir. 

Fərmanda da qeyd edildiyi kimi, səbəb borcların restrukturizasiyasına getmiş bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaqdır. Sxem belədir: vətəndaşın bank qarşısında 10000 dollar öhdəliyi manata çevirlən kimi həmin bankın xarici valyutada aktivləri azalır, manat ifadəsindən isə artır. Nəzərə alaq ki, bu əməliyyat baş verəndə bankın xarici valyutada öhdəliyi dəyişməz qalır. Bu isə həmin bankın qısa açıq valyuta mövqeyinə keçməsi riski yaradır.

Bunu nəzərə alaraq Palata və Mərkəzi Bank 682 mln. manatdan əlavə 215 mln. dollar məbləğində də qiymətli kağız formasında vəsaiti onların passivinə daxil etməyi hədəfləyir ki, banklar bu riskdən sığortalansınlar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department