Ölkədən çıxan maliyyə axını haradadır: Bu pulların gəlir perspektivi varmı?

Bu ilin I rübündə Azərbaycanın maliyyə hesabının mənfi saldosu (ölkədən kapital axını) təxminən 1,2 milyard ABŞ dolları təşkil edib.
Bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 25 % azdır.
"Kəsir əsasən ölkənin xarici maliyyə aktivlərinin 1,2 milyard dollara yaxın artması, xalis maliyyə öhdəliklərinin isə 45 milyon dollar azalması ilə bağlıdır. Bu da növbəti dövrlərdə ölkənin əlavə faiz gəlirləri qazanacağını göstərir", - deyə AMB rəsmisi qeyd edib.
Qeyd edək ki, bugün balansda kəsir kimi əksini tapan xarici maliyyə aktivlərinin artması Azərbaycanın dövlət və özəl qurumlarının xarici maliyyə akitvlərinə investisiya qoymaları ilə bağlıdır. Hazırda Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Dövlət Neft Fondu başda olmaqla portfel investisiyaların həcmi artır. ABŞ xəzinədarlıq istiqrazları və digər gəlirli qiymətli kağızlara pul qoyulması üzrə göstəricilərdə artıq iki ildir ki, böyümə qeydə alınır. Bu əməliyyatlarda Azərbaycan Beynəlxalq Bankı, PAŞA Bank daxil olmaqla maliyyə qurumları xüsusi fəallıq göstərirlər və ümumi investisiyaların 500 milyon dollara yaxını bu sektorun payına düşür.
Onu da oxucularımızın nəzərinə çatdıraq ki, pul axını kimi görünən bu əməliyyatlar həm də ölkəyə faiz gəlirləri formasında valyuta gətirir və qarşıdakı dövrdə bu faiz gəlirlərinin portfeldəki həcmi getdikcə artacaq.