Bank

AMB-nin aldığı xəzinədarlıq notlarının 89%-i ABŞ istiqrazlarıdır. Daha hansı borc kağızları var?

Azərbaycan Mərkəzi Bankının cəmi borc qiymətli kağızları 25 milyard 823 milyon 947 min manatdır. Bunun 8 milyard 761 milyon 577 min manatı xarici dövlətlərin xəzinədarlıq notlarıdır. 8 milyard 918 milyon 835 min manat isə  “Aqrarkredit” QSC BOKT-un kağızlarıdır. 

Xəzinədarlıq notları müxtəlif inkişaf etmiş ölkələrin xəzinədarlıqları tərəfindən buraxılmış borc qiymətli kağızlarına investisiyaları ehtiva edir. 31 dekabr 2024-cü il tarixinə xəzinədarlıq notlarının 89%-ni (2023: 95%) ABŞ-ın xəzinə istiqrazları təşkil edir. Borc qiymətli kağızları həm birbaşa Bank, həm də xarici menecerlər tərəfindən idarə olunan portfeldə saxlanılıb. 31 dekabr 2024 cü il tarixinə bu qiymətli kağızlar üzrə orta illik faiz dərəcəsi 2.67% olmaqla (2023: 2.25%), 5.75% dərəcə ilə sabit faiz hesablanır.

Aqrarkredit QSC-nin borc kağızları isə amortizasiya olunan dəyərlə qiymətləndirilən maliyyə aktivlərinə aiddir. 2015-ci ildə alınmış 2 milyard 500 milyon AZN və əlavə olaraq 2016-cı ildə alınmış 7 milyard 500 milyon AZN (ümumilikdə 10,000,000 min AZN) nominal dəyərinə və 0.15 faiz dərəcəsinə malik, 2045-ci ildə ödənilməli olan qiymətli kağızlar daxil idi. 2017-ci il ərzində “Aqrarkredit” QSC həmin qiymətli kağızların 517,896 min AZN-lik hissəni vaxtından əvvəl AMB-dən geri alıb. Bu istiqrazlar hər hansı digər oxşar maliyyələşdirmə mənbələrinin və müqayisə edilə bilən maliyyə alətlərinin mövcud olmadığı xüsusi bazar seqmentində verilib. Azərbaycan Respublikasının Mərkəzi Bankı öz makroiqtisadi siyasəti çərçivəsində ümumi pul sisteminin sabitliyini təmin etməyi hədəfləyən bankların və digər maliyyə institutlarının maliyyələşdirilməsində müstəsna rol oynayır. Bunu nəzərə alaraq, həmin istiqrazlar üzrə illik 0.15 faiz dərəcəsi bu seqmentə uyğun bazar faiz dərəcəsi hesab olunub. 31 dekabr 2024-cü il tarixinə portfeldə “Aqrarkredit” QSC-nin istiqrazlarının ümumi balans dəyəri 8,918,835 min AZN təşkil edib. 

Bu qiymətli kağızların ödənişinə dövlət zəmanəti verilir. Həmin qiymətli kağızlar “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri” haqqında Azərbaycan Respublikası Prezidentinin 2015 ci il 15 iyul tarixli 570 nömrəli, həmçinin “Aqrarkredit” QSC tərəfindən dövlət zəmanəti əsasında emissiya ediləcək istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtləri”nin təsdiq edilməsi haqqında 2015-ci il 7 avqust tarixli 575 nömrəli Fərmanlarına uyğun olaraq AMB tərəfindən alınıb.

6 oktyabr 2023-cü il tarixində ödənilmə şərtlərinin dəyişdirilməsi məqsədilə Aqrarkredit (istiqrazların emitenti), Maliyyə Nazirliyi (zamin) və Mərkəzi Bank (istiqrazların mülkiyyətçisi) arasında üçtərəfli razılaşma imzalanıb. Rəhbərlik ödəniş qrafiki ilə bağlı dəyişiklikləri biznes restrukturizasiyası hesab edir və bu səbəbdən həmin borc alətləri üzrə kredit riski onların buraxıldığı tarixdən etibarən əhəmiyyətli dərəcədə artmayıb.

Digər diqqət çəkəmn məbləğlə borc kağızı qeyri-rezident agentlik notları və beynəlxalq maliyyə qurumları tərəfindən buraxılmış notlardır. Burada həcm müvafiq olaraq 3,300,665 min və 1,145,324 min manat təşkil edir. Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna məxsus 1,513,177 min manatlıq borc qiymətli kağızları birbaşa Bank tərəfindən idarə olunan portfeldə saxlanılır. 31 dekabr 2024-cü il tarixinə bu qiymətli kağızlar üzrə orta illik faiz dərəcəsi 3.06% olub. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)