Banklar ABB-dən dollar almaq istəyirlər. Abbas İbrahimov likvidliklə bağlı hansı açıqlamaları verdi?

Sistem əhəmiyyətli dövlət bankı kimi Azərbaycan Beynəlxalq Bankının davranışları və bazardakı addımları əsasında bütün sektor haqqında müəyyən fikirlər yürütmək mümkündür. Bu yaxınlarda ABB-nin keçirdiyi mətbuat konfransında peşəkar bankir kimi tanınan Abbas İbrahimovun və komandasının səsləndirdiyi bəzi fikirlər sualların bir hissəsinə aydınlıq gətirməyə imkan verir.
- Elə ABB-nin xərclərinin gəlirlərə nisbətində müşahidə edilən artımdan başlayaq. Bankın faiz xərcləri 82 faiz artıb. Bu bahalı depozitlərləmi bağlıdır?
- Ötən ildən etibarən bank sektorunda kredit portfellərinin böyüməsi və xidmətlərimizin inkişafı üçün maliyyə mənbələrini bir qədər dəyişdirdik. Misal üçün biz əvvəllər böyüməmizi daha korporativ, biznes müştərilərin hesabına edirdiksə, hazırda daha şaxələndirilmiş maliyyə mənbələrinə çıxırıq, o cümlədən sizin də qeyd etdiyiniz kimi, fiziki şəxslərin xüsusilə müddətli əmanətləri üzrə. Böyümək istəyiriksə maliyyə mənbəyi olmalıdır və bu ya kapitaldır, ya da vəsait cəlb etməliyik. Cəlb etmədə artıq fiziki şəxslərin depozitləri daha böyük rol oynayıb. Yerigəlmişkən, ötən il biz fiziki şəxslərdən 600 milyon manat depozit cəlb etmişik. Depozitlər üzrə faizlərimiz 9-10 faizdir və bu da bizim faiz xərclərimizə çox ciddi təsir göstərir. İkincisi, dayanıqlı bank olmağımız üçün davamlı investisiyalar ehtiyac var. Ona görə də xərclərimizin gəlirlərə nisbəti artır. Yenə də müasir bankların səviyyəsindən aşağıdır.
- Maliyyə Nazirliyi depozit hərracları keçirdi və bu bankın likvidliyə necə təsir göstərdi, ABB nə qədər vəsait alıb?
- Ölkəmizdə ilk belə təcrübədir və hesab edirik ki, bank sektoruna əlavə dəstəkdir. Mərkəzi Bank da bunu dəstəkləyir. Bildiyimizə görə, sistem əhəmiyyətli banklara 1,5 milyard manat vəsait verilib. Bizdə olan məlumatlara görə, Mərkəzi Bank digər bankların da bu hərraclara cəlb olunması ilə bağlı Maliyyə Nazirliyi ilə danışıqlar aparır. Bu vəsaitlərin 485 milyon manatını ABB alıb. Faizlərə təsirinə gəlincə, cavab birmənalı deyil. Bu yeni təcrübədir, davamlılıq vacibdir ki, bazara likvidlik daxil olsun. İlk təcrübənin nəticəsini məhdud təsir kimi proqnozlaşdırmaq olar. Niyə məhdud, ona görə ki, bu ümumi bank sektorunun öhdəlikləri qarşısında kiçik qalır. Hazırda öhdəliklər 40 milyardın üstündədir, Maliyyə Nazirliyinin yerləşdirməsi isə 1.7 milyard manatdır. Bir məsələni də unutmaq olmaz ki, bu xəzinədəki qalıqların yerləşdirilməsidir, müvəqqəti 1-3 ay arası yerləşdirmədir, uzunmüddətli deyil. Nəzərə alaq ki, məbləğ hələlik kiçikdir, davamlılıqla bağlı bazarda gözləntilər yoxdur, müddətlər də kiçikdir, ona görə də banklar proqnozlarında bunu tam nəzərə ala bilmir. Hələlik məhdud təsirdən söhbət gedə bilər, amma istənilən halda likvidlik likvidlikdir.
- Həqiqətən likvidlik çatışmazlığı varmı, çünki ekspertlər Maliyyə Nazirliyinin vəsaitlər yerləşdirməsini bunun göstəricisi hesab edirlər. Xarici maliyyə qurumlarından dollarla kredit cəlb etməyiniz necə likvidliklə bağlıdırmı?
- Nə bazarda, nə də ABB də likvidlik problemi yoxdur, tam əksinə izafi likvidliyimiz var. Likvidlik iki əsas əmsalla ölçülür. Birinci əmsal likvidliyin örtülmə əmsalıdır – LSR, ikinci ani likvidlik əmsalı. ABBdə likvidliyin örtülmə əmsalı 100% tələbə qarşı 132 faizdir. Ani likvidlik əmsalı minimal 30 faizdir, ABB-də 42-43 faizdir. Ümumilikdə sektorda likvidlik yüksəkdir. Ötən ildən banklar, eləcə də biz çevik rejimdə aktiv və passivləri idarə edirik. Banklararası bazar yaranıb, bəzən vəsait cəlb edən, bəzən vəsait verən qismində iştirak edirik. Amma bu qısa müddətli pullardır, uzunmüddətli vəsaitləri daha çox əmanətçilər və korporativ müştərilərimizdən əldə edirik. Uzunmüdətli planlarımızı daha çox uzunmüddətli vəsaitlərlə qurmağa çalışırıq.
Beynəlxalq bazarlara gəldikdə, biz ötən ildən bu istiqamətdə işləyirik. Avropa Yenidənqurma və İnkişaf bankı ilə ötən il COP29 çərçivəsində 50 milyon manat həcmində əməkdaşlıqla bağlı sənəd imzaladıq. Amma bu nağd vəsaitlərin cəlb edilməsi deyildi, qeyri-nağd əməliyyatların həyata keçirilməsinə aiddir. Belə ki, hansısa müştərimiz Avropa ölkələrindən misal üçün 5-10 milyon dəyərində avadanlıq aldıqda onun maliyyələşdirilməsinə AYİB dəstək olur. Son 200 milyon dollarlıq əqdimiz isə Körfəz ölkələrindən cəlb edilib. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində, Mashreqbank-ın ofisində 200 000 000 ABŞ dolları dəyərində sindikativ kredit müqaviləsi imzaladıq. Bu həm ABB tarixində, həm də ölkə bankçılığının tarixində mühüm hadisədir.
- Artıq uzunmüddətdir ki, ABB xarici borclanmaya getmirdi. Bu məsələ necə başladı, hansı zərurətdən?
- Səmimi desək, 2024-cü ildən etibarən maliyyələşmə mənbələrini şaxələndirmək istiqamətində yenidən işləməyə başladıq. Təcrübəmizi yeniləmək, necə deyərlər, əzələlərimizi bir qədər möhkəmləndirmək qərarına gəldik. 50-60 milyon civarında məbləğlə başlamağı düşündük və həmkarlarım ilk olaraq Körfəz ölkələri ilə danışıqlara başladılar. Banklar da çevik çıxdılar və bir neçə ayın içində bizə təkliflər verdilər. Sindikasiya krediti təklif etdilər və biz şərtlərin münasib olacağı təqdirdə razılıq verəcəyimizi bildirdik. Məqsəd sınaq idi, amma iş elə gətirdi ki, ABB-nin adının eşidəndən sonra təkcə körfəz ölkələrindən deyil, Avropadan, İngiltərədən 12 bank bizə vəsait vermək üçün tenderdə iştirak edərək öz faiz təkliflərini irəli sürdülər. Bu halda Mashreqbank çox cazibədar təkliflə gəldi, dedi ki, siz 50-60 milyon istəyirdiniz biz sizə 200 milyondan artıq veririk. Həmkarlarla müzakirə etdik, bazarı araşdırdıq ki, hansı müştərilərdə yerləşdirmə edəcəyik, hansı istiqamətlərə xərcləyəcəyik. Əlverişli şərtlərlə olsa 200 milyon qəbul edə biləcəyimizi dedik. Əlverişli şərtlər ifadəsini xüsusilə vurğulamaq istərdim, çünki biz Moody's və Fitch Ratings beynəlxalq reytinqlərimizi BA3-dən BA2-yə, BB- BB yüksəldik. Bizə deyirdilər ki, beynəlxalq maliyyə bazarlarında yoxsunuz, reytinqlərlə bağlı niyə belə səy göstərirsiniz? Bu krediti əlverişli şərtlərlə almağımızda bu reytinqlərin böyük rolu oldu. Bir sözlə, bu kredit sınaq, təcrübə oldu və yerləşdirmədə real sektoru nəzərdə tuturuq. Həmçinin bəzi orta aktivli banklar da müraciət edirlər ki, üzərində kiçik bir marja ilə bizə də verin, onu da qiymətləndiririk.
- Kreditləri 7 faizlə almısınız?
- Xeyr, 7 faizdən çox aşağıdır. Kreditorlarla məxfilik sazişi imzalamışıq. Ona görə faiz dərəcəsini açıqlaya bilmirik. Qarşıdakı bir ayda 200 milyon dolları alacağıq və nəticədə bizim aktivlər və passivlər 340 milyon artacaq.