Azərbaycanda kredit kartlarına limit qoyulub: niyə bu qərar verildi?
Bankların kimə gəldi kredit kartları paylama dövrü başa çatdı. Azərbaycan Mərkəzi Bankının (MB) kredit kartları üzrə yeni qaydalarına görə, hər bir vətəndaşın kredit kartı limiti onun vergi sonrası gəlirinin maksimum 5 mislinədək ola bilər. Niyə bu qərar verildi, ENA.az olaraq səbəblərə və bu addımla qarşıya qoyulan məqsədlərə aydınlıq gətirməyə çalışacağıq.
İstehlak kredit kartları sistem risklərini artırır
Azərbaycan Mərkəzi Bankının bu ilin birinci rübü üzrə açıqladığı məlumata görə, istehlak kreditləşməsinin əsas drayverlərindən biri də kredit kartlarıdır. Son dövrlər istehlak krediti seqmentində kredit kartları üzrə yüksək artım tempi müşahidə olunur. Belə ki, 2022-ci ilin sonu ilə müqayisədə istehlak kredit kartlarının istifadə olunmuş hissəsi 60% artaraq 1.7 mlrd. manata, istifadə olunmamış hissəsi isə 64% artaraq 2 mlrd. manata çatıb.
"İstehlak kredit kartlarının pro-tsiklik xüsusiyyəti sistem risklərini artıran amil kimi çıxış etməklə yanaşı, maliyyə sistemi üzrə bir sıra risklər yaradır. Əhalinin izafi borclanmasının qarşısının alınması və bank sisteminin kapital dayanıqlığını təmin etmək məqsədilə Mərkəzi Bank tərəfindən istehlak kredit kartları üzrə requlyativ çərçivəyə dəyişiklik edilib. Dəyişikliklərə əsasən, borcalanın kredit kartı onun xalis vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılıb" - deyə məlumatda bildirilir.
Beləliklə, sadə dillə desək, bank sektorundakı risklərin artdığı, bəzi vətəndaşların yüksək məbləğdə borclara girdiyi müşahidə olunub. Yeni qayda borc götürən şəxsin ödəmə qabiliyyətini daha ciddi şəkildə nəzərə almaq, həmçinin banklarla vətəndaşlar arasında daha balanslı münasibət yaratmaq məqsədi daşıyır.
Nə dəyişir?
Əvvəllər kredit kartı limiti daha çox bankın daxili qərarına və vətəndaşın istəyi üzrə qurulurdu. “Kart limitini nə qədər edək, istəyirsinizsə, artıra bilərik”, - deyə satışla məşğul olan əməkdaşlar asanlıqla sıfırları artıra bilirdi. İndi isə banklar, kart limiti təyin edərkən istifadəçinin xalis gəlirini nəzərə almalıdır. Cari gəliri məlum olmayan və ya sübut edilməyən şəxslərə bank tərəfindən daha sərt yanaşma tətbiq oluna bilər.
Banklar üçün nə deməkdir?
Banklar artıq riskləri daha öncədən hesablamalı, kredit kartı verərkən gəlir sənədlərini daha diqqətlə yoxlamalıdırlar. Kartlarla bağlı gəlirlərin və xərclərin analizi artacaq, bankların kredit siyasətində məsuliyyət artırılacaq.
İstifadəçilər üçün nə dəyişir?
Kart limiti gəlirinizə görə aşağı düşə bilər, bu isə böyük alış-verişləri, kreditlə ödənişləri və digər maliyyə əməliyyatlarını bir qədər məhdudlaşdıra bilər. Digər tərəfdən, borcunuzu ödəyə bilməmə riskiniz azalacaq və maliyyə durumunuz daha sabit olacaq.
İlkin mərhələdə kart əməliyyatlarında azalma müşahidə oluna bilər. Ticarət sektoru kredit kartı ilə edilən satışların bir hissəsində yavaşlama hiss edə bilər.
Daha uzunmüddətli mənzərə necə görünür?
Əgər tənzimləmə effektiv tətbiq olunarsa:
- Bankların kreditləşmə riski azalacaq.
- Vətəndaşlar borc yükünü daha rahat idarə edə biləcək.
- Ümumi maliyyə sistemində sabitlik güclənə bilər.


















