BİZNES

Moody’s: "Aşağı neft qiymətləri xüsusilə Azərbaycan və Qazaxıstanın neft-qaz sektoru üçün həssaslıq təşkil edir"

ABŞ tarifləri Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinə məhdud səviyyədə birbaşa təsir göstərir, lakin regionun bank və korporativ sektoru üçün dolayı yolla risklər yaradır. Eyni zamanda, qlobal ticarət axınlarındakı dəyişikliklər Azərbaycan üçün xüsusilə tranzit sahəsində yeni imkanlar yarada bilər.

“Moody’s”in hesabatında qeyd edilib ki, tariflərin region ölkələrinə birbaşa iqtisadi təsiri məhdud olacaq. Bunun səbəbi, tariflərin orta səviyyəli olması və ABŞ-ın bu ölkələrin ümumi ixracatında kiçik paya sahib olmasıdır. Əksər ixrac malları yeni tariflərdən kənarda qalacaq: “Məsələn, Qazaxıstanın Ticarət Nazirliyinə görə, ölkənin ABŞ-a ixrac etdiyi məhsulların 90%-dən çoxunu xam neft, uran, gümüş və digər xammallar təşkil edir ki, bunlar tariflərdən azaddır”.

“Moody’s” potensial nəticələr arasında neft və xammal məhsullarının qiymətlərinin düşməsini, ticarətdə fasilələri, valyuta volatilliyini, inflyasiya təzyiqinin artmasını və kredit şərtlərinin sərtləşməsini və s. qeyd edir. Hesabatda bildirilib ki, bütün bunlar şirkətlərin fəaliyyətini zəiflədə, bank aktivlərinin keyfiyyətini pisləşdirə və onların gəlirliliyini azalda bilər.

Eyni zamanda, “Moody’s”in fikrincə, baş verən dəyişikliklər yeni imkanlar da yaradır: “Xüsusilə, ABŞ tarifləri ilə üzləşən şirkətlər tədarüklərini Mərkəzi Asiya və Cənubi Qafqaz da daxil olmaqla digər regionlara yönəldə bilərlər. Bu, avadanlıq, metal və tikinti materiallarına daha əlverişli qiymətlərlə çıxışı artıracaq. Qlobal ticarət oriyentasiyasının dəyişməsi həmçinin yeni logistika və istehsal mərkəzi kimi regiona marağı artıra bilər”.

Hesabatda regionun tranzit potensialına xüsusi diqqət yetirilib. “Moody’s” vurğulayıb ki, Asiya və Avropa arasında dəmir yolu daşımalarında əsas rol oynayan Azərbaycan və Qazaxıstan inkişaf üçün əlavə təkan ala bilər. Tranzit marşrutlarının genişləndirilməsi investisiyalara çıxış imkanı yaradır, perspektivli sektorlarda bank maliyyələşdirməsinə tələbatı gücləndirir.

Bununla belə, hesabatda qeyd edilib ki, yüksək iqtisadi qeyri-müəyyənlik səviyyəsi qalmaqdadır. “Moody’s” xəbərdarlıq edib ki, ticarət müharibələri dünya iqtisadiyyatının artımını yavaşlada və neftə olan qlobal tələbatı azalda bilər. “OPEC+” sazişi çərçivəsində hasilatın artırılması əlavə təzyiq göstərir. Aprelin 16-na “Brent” və WTI markalı neftin qiyməti müvafiq olaraq 1 barel üçün təxminən 65 və 62 ABŞ dolları təşkil edir. Proqnoza əsasən 2025-ci il üçün qiymətlər aşağı, lakin volatil olaraq qalacaq. Bu isə “OPEC+” ölkələri istehsalı azaltmasa, ilin ikinci yarısında ehtiyatların toplanmasına səbəb ola bilər.

“Aşağı neft qiymətləri xüsusilə Azərbaycan və Qazaxıstanın neft-qaz sektoru üçün həssaslıq təşkil edir. Yerli banklar iri dövlət şirkətlərinə birbaşa kredit verməsələr də, sektorda ləngimə bütövlükdə iqtisadiyyata, o cümlədən kiçik və orta biznesə, pərakəndə sektora öz təsirini göstərir.

Bununla belə, son illər ərzində hər iki ölkə iqtisadiyyatın diversifikasiyası və ehtiyatların toplanması istiqamətində irəliləyiş əldə edib. Bu isə onların xarici şoklara qarşı dayanıqlılığını artırıb. Xüsusilə, onlar COVID-19 pandemiyası nəticəsində meydana gəlmiş böhrana böyük sarsıntılar olmadan tab gətirə bilmişdi. O vaxt neft qiymətləri 1 barel üçün 40 ABŞ dollarına qədər aşağı düşmüşdü”, – analitiklər vurğulayıb.

“Moody’s” həmçinin valyuta ilə bağlı riskləri qeyd edib. Milli valyutaların zəifləməsi dollarlaşma səviyyəsi yüksək olan banklara təzyiqi artırır. Devalvasiya ixracın artmasına kömək edir, lakin eyni zamanda valyuta kreditləri üzrə zərərləri artırır və bankların gəlirliliyini azaldır. Bu dövrdə xüsusilə valyuta gəliri olmayan borcalanlar həssasdırlar. Belə ki, onlar üçün borc xidməti ilə bağlı yük artır və bu da problemli kreditlərin artmasına səbəb olur.

“Valyuta borcunun səviyyəsi ölkələr üzrə fərqlənir. Məsələn, Qazaxıstanda ixracla məşğul olmayan şirkətlər valyuta borclarının həcmini azaldaraq, gəlirlərlə borclar arasındakı uyğunsuzluq riskini azaldıblar. İxracatçılar isə əksinə, milli valyutanın zəifləməsindən faydalanırlar: xarici valyuta gəlirləri öhdəlikləri qismən kompensasiya edir. Bu xüsusilə neft-qaz şirkətlərinə aiddir ki, onlar qiymətlərin azalması fonunda belə mənfəətliliyini qoruya bilərlər. Ancaq dollara əlaqəli xərclərin artması, inflyasiya təzyiqi və borclanmanın bahalaşması bu effekti aradan qaldıra bilər” – hesabatda qeyd olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)