İran ABŞ-ın yeni sanksiyalarına belə reaksiya verdi

Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi ABŞ-ın İranın neft naziri Paknejada və İran neftini daşıyan gəmiləri idarə edən bəzi şirkətlərə qarşı yeni sanksiya qərarını pisləyib.
Amerikalı rəsmilərin danışıqlara hazır olduqlarına dair açıqlamalarına işarə edən Bekayi, "İrana qarşı yeni sanksiyalar ABŞ-ın qanunlara məhəl qoymadığının və danışıqlarla bağlı vədlərin aldatmadan başqa bir şey olmadığının sübutudur" deyib.
Bekayi “ABŞ-ın müstəqil ölkələrə qarşı sanksiyalar və təzyiq siyasətindən asılılığını beynəlxalq səviyyədə qanunun aliliyinin pozulması, beynəlxalq sülh və təhlükəsizliyə təhdid kimi qiymətləndirib”.
Bekayi ABŞ-ın İranın digər ölkələrlə iqtisadi və ticarət əlaqələrini pozmağa yönəlmiş hərəkətlərinin “beynəlxalq hüququn və azad ticarətin əsas prinsip və qaydalarının açıq şəkildə pozulması” olduğunu bildirib və əlavə edib: “İrana qarşı bu cür birtərəfli və qeyri-qanuni hərəkətlərin nəticələri və təsirlərinə görə ABŞ hökuməti məsuliyyət daşıyır".
ABŞ Maliyyə Nazirliyi dünən İranın neft naziri Paknejad və İran neftini daşıyan gəmiləri idarə edən bəzi şirkətlərə qarşı sanksiyalar tətbiq etmək qərarına gəldiyini açıqlayıb.