Prezident Administrasiyasında korrupsiyaya qarşı mübarizə ilə bağlı iclas keçirdi
![](https://ena.az/uploads/news/2025-02/_ena_d314b8ca54913a60da97c3295_o.jpg)
Fevralın 6-da Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib.
ENA.az xəbər verir ki, Komissiyanın sədri, Prezident Admnistrasiyasının rəhbəri Samir Nuriyev çıxış edərək ölkədə korrupsiyaya qarşı mübarizə ilə bağlı 2024-cü ildə görülən işlər, o cümlədən dövlət idarəçiliyində səmərəliliyin artırılması, şəffaflığın gücləndirilməsi barədə məlumat verib.
Bundan başqa, Komissiya sədri qeyd edib ki, korrupsiyaya qarşı mübarizə dövlət orqanlarına ictimai etimadın gücləndirilməsi baxımından da zəruridir.
İclasda bildirilib ki, dövlət orqanlarının fəaliyyətində hesabatlılıq və məsuliyyət artırılmalıdır, eləcə də dövlət əmlakının düzgün idarə olunması ilə bağlı yeni çağırışlar da korrupsiyaya qarşı mübarizəni gücləndirməyi tələb edir.
İclasda Komissiyanın Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən seçilmiş yeni üzvləri təqdim olunub. Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunun (GRECO) 5-ci dəyərləndirmə raundu çərçivəsində verdiyi tövsiyələrlə bağlı görülmüş işlər nəzərdən keçirilib.
İclasda məhkəmə-hüquq sistemində aparılmış son islahatların korrupsiyaya qarşı mübarizəyə təsiri barədə məruzə dinlənilib, bu sahədə şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün verilən təkliflər müzakirə edilib.
Eləcə də dövlət orqanlarının (qurumlarının) fəaliyyətində korrupsiya risklərinin müəyyən edilməsi, təhlili, qiymətləndirilməsi və qarşısının alınması ilə bağlı fikir mübadiləsi aparılıb. Bundan başqa, Komissiyanın Reqlamenti və növbəti dövr üçün iş planı təsdiq edilib.