BİZNES

Azərbaycanın dövlət büdcəsinə daxilolmalar niyə azalıb: neft-qaz sektorundan qaynaqlanır, yoxsa...?

ENA.az olaraq qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın xarici ticarət balansında 7 milyard manatlıq bir üstünlüyümüz var. Xarici ticarətdən daxilolmaların 16 milyard 880 milyon manatı neft-qaz sektorundan formalaşıb. Cəmi 2 milyard 385 milyon manatı isə digər sektorların payına düşüb. Beləliklə, xarici ticarətdə daxilolmaların 86 faizi neft-qaz sektorundan gəlir. 2023-cü ilin eyni dövründə isə xarici ticarətdə neft-qaz gəlirləri 19 milyard 435 milyon manat olmuşdu. Göründüyü kimi, bu sektordan gəlirlərimiz bir ildə 3 milyard manata yaxın azalıb.

Xarici ticarət balansında Azərbaycandan çıxan vəsaitlərdə isə neft -qaz sektoru üzrə ödənişlər 1 milyard 783 milyon dollar göstərilir. Digər sektorlar üçün xarici ticarət tərəfdaşlarımıza 10 milyard 477 milyon manat ödəmişik. Nəticədə neft qaz sektoru üzrə 15 milyard manat profisit, digər sektorlar üzrə 8 milyard manatlıq kəsir formalaşıb. Ötən ilin eyni dövründə isə bu kəsirin həcmi 9 milyard dollar olub.

Bu ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 14 milyard 993 milyon manat vergi daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 % azdır. Daxilolmalarda qeyri-neft sektorunun payının artması sevindirici rəqəm olsa da ümumilikdə yığımların düşməsinin səbəbi nədir, Azərbaycandan ixrac edilən xam neftin həcmi azalıb, yoxsa başqa səbəb var?

Dövlət Vergi Xidmətinin məlumatından da görünür ki, ümumilikdə 11 aylıq vergi daxilolmalarının 10 milyard 286,2 milyon manatı və yaxud 68,6 %-i qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə bir il əvvələ nisbətən 14,1% çoxdur. Yəni azalma neft-qaz sektorundan formalaşıb. 

"Cari əməliyyatlar balansında ötən ilin eyni dövründə 6,7 milyard dollar olub. Hazırda 4 milyard dollar təşkil edib. Əsasən dünya bazarında qaz qiymətləri ötən ildəkindən ucuz olması ilə bağlıdır, yəni xam neft ixracında ciddi bir azalma yoxdur", - deyə Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov deyib. 

Azərbaycan Respublikası Tədiyə Balansı haqqında məlumata görə, xam neft ixracında azalma baş verməyib, hərçənd ilbəil hasilatın azaldığı haqqında məlumatları eşidirik. Neft-qaz sektorundan daxilolmaların əsas səbəbi isə dünyada qaz qiymətlərinin kəskin enişi və volatilliyi ilə bağlıdır.

Qeyd edək ki, ilin əvvəlində qaz qiymətlərində eniş baş verdi və beynəlxalq reytinq agentlikləri bu il 1 min kub fut üçün 10 dollar qiymət qoydular (əvvəlki proqnozda 12 dollar əvəzinə). Lakin geosiyasi gərginliklər nəticəsində qazın qiymətində artım baş verdi. Ümumilikdə 2024-cü ildə qazın orta qiyməti 375 dollar olub.

2025-ci ildə Avropada qazın qiyməti Ukrayna vasitəsilə nəqlin mümkün dayandırılması və yanacağın anbarlardan aktiv şəkildə çıxarılması səbəbindən artacaq. “Vedomosti” qəzeti xəbər verir ki, qiymətlərin artımı Qiymət İndeksləri Mərkəzinin (CPI) icmalında proqnozlaşdırılıb.

Hollandiyada TTF mərkəzi indeksinə görə qazın orta qiyməti 12 faiz artaraq min kubmetr üçün 422 dollara çatacaq. CCİ-nin sentyabr ayı üzrə proqnozları gələn il yanacaq xərclərinin eyni həcm üçün 329 dollar olacağına dair əvvəlki təxminlərdən 28 faiz çox idi.

Qeyd edək ki, gələn ilin büdcəsi ilə bağlı müzakirələrdə Maliyyə naziri Samir Şərifov bildirib ki, neftin qiyməti enərsə büdcənin Dövlət Vergi Xidməti tərəfindən daxiolmaları 340 milyon manat azalması proqnozlaşdırılır: 

"Bu o qədər də sarsıdıcı fakt deyil. Dövlət Neft Fondunun gəlirlərinə gəldikdə isə təsir daha yüksəkdir. Burada söhbət 2 milyard 100 milyon manatlıq təsirdən gedir", deyə nazir vurğulayıb. 

Xatırladaq ki, 2025-ci ilin büdcəsində neftin qiymətini 60 dollardan 75 dollara kimi yüksəldilib. 2024-cü ildə isə Azərbaycan neftinin orta qiyməti 86 dollar təşkil edib.  

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)