Bank

Hökumətin Mərkəzi Banka xalis tələbi 5 ilin maksimumuna yüksəlib. İlin əvvəlindən mərkəzi hökumətə xalis tələblər 2,5 dəfə artıb

Azərbaycan hökumətinin Mərkəzi Bankdakı vəsaitləri kəskin şəkildə artıb. İlin əvvəlindən mərkəzi hökumətə xalis tələblər -3,9 milyard manat olub, bu ilin on ayında isə faktiki olaraq 2,5 dəfə artaraq -8,4 milyard manata yüksəlib.

Qeyd edək ki, bu son 5 ilin qeydə alınan maksimumudur. Çünki bu rəqəm ötən beş ildə yalnız 2023-cü ildə -6,3 milyard manat həcminədək yüksək görünüb. Səbəblər içində isə həmin il dövlət borcundakı ödəniş də mühüm ola bilər.

Çünki, artım bir neçə səbəbdən bu artım baş verə bilər. Məsələn, dövlət qurumlarının Mərkəzi Bankda hesabları var və həmin hesablarda vəsaitlərin həcmi arta bilər. Nəzərə alsaq ki, beynəlxalq borclar hökumətin Mərkəzi Bankdakı hesabları vasitəsilə həyata keçirilir, yəni qaytarılacaq borcların həcminə uyğun olaraq bu hesablarda vəsaitlər saxlayır. Büdcədən kənar fondlar, Maliyyə Nazirliyinin sərbəst qalığı da bu hesablarda ola bilir.

Ümumilikdə isə xalis tələblər qarşılıqlı tələbin fərqini ifadə edir. Mərkəzi Bankın vəsaitlərinin hökumətdə və hökumətin vəsaitlərinin Mərkəzi Bankda olan hissəsinin arasındakı fərqi əks etdirir. Başqa sözlə desək, əgər Mərkəzi Bankın hökumətə verdiyi vəsait, hökumətdən aldığı vəsaitdən çox olursa, bu zaman xalis tələb müsbət olur. Hökumətin AMB-dəki vəsaiti çoxdursa, mənfi olur, bizim yuxarıda göstərdiyimiz rəqəm kimi.

Amma Mərkəzi Bank bu tələb komponentlərini açıqlamadığı üçün artımın nəyin hesabına baş verdiyi tam əminliklə söyləmək mümkün deyil.

Ekspertlərin sözlərinə görə, 2008-ci ilə qədər AMB bu rəqəmləri açıqlayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)