İşçilər dələduzluq etmirlər, sığorta ödənişi yoxdur - 10 AYIN NƏTİCƏLƏRİ
2024-cü il noyabrın 1-nə olan məlumata görə, işçilərin dələduzluğunu risk kimi görüb sığorta etdirənlər azalıb. Belə ki, bu sığorta növü üzrə sığorta yığımları 86 min manat olub. Ötən 10 ayda isə bu sığorta üzrə ödəniş yoxdur.
Qeyd edək ki, 2023-cü ilin sonuna bu rəqəm 259 min manat idi və bir manat da ödəniş olmamışdı. Belə görünür ki, işçilər dələduzluq etmədiklərindən sığorta şirkətləri də ziyana düşməmişdi və bu vəziyyət həm də işəgötürənlərin rahatlığını artırdığından 2024-cü ildə sığorta etdirmək istəyənlər azalıb.
Halbuki, 2017-ci ildə Azərbaycanın sığorta şirkətləri işçilərin dələduzluğu sığortası üzrə 1 milyon 48 min manat sığorta haqqı toplamışdılar və sığorta şirkətləri 1 milyon 719 min manat sığorta ödənişi həyata keçirmişdilər. Yəni, sığorta ödənişləri toplanmış sığorta haqlarından çox olmuşdu.