Bank

“S&P Global Ratings” Azərbaycan bank sektoru üzrə proqnozunu açıqlayıb

Azərbaycanın bank sektorunun aktivlərinin gəlirliliyi (RoAA) 2024-2026-cı illərdə 2,1%, sektorun kapitalının gəlirliliyi (ROE) isə 16% təşkil edəcək.

ENA.az xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq kredit reytinq agentliyinin Azərbaycan bank sektoru üzrə proqnozunda bildirilib.

Reytinq agentliyi bank sektorunun qeyri-işlək kreditlərinin bu il 3,0%, 2025-ci ildə isə 3,2%, 2026-cı ildə isə 3,4%-ə qədər artacağını proqnozlaşdırıb. Agentlik həmçinin, kredit itkilərinin 2024-2026-cı illər üzrə ümumi portfelinin 1,2% təşkil edəcəyini müəyyən edib.

S&P bankların kreditlərinin depozitləri nisbətinin (LDR) 2024-cü il üzrə 105,1%, 2025-ci il üzrə 110,7% və 2026-cı il üzrə isə 116,5% təşkil edəcəyini proqnozlaşdırıb.

Agentlik özəl sektorun borclanmasının artacağı gözləntisindədir. Belə ki, S&P sektorun kreditləşməsinin 2024-cü ildə 3,1%, 2025-ci ildə 3,3%, 2026-cı ildə 2,5 faiz bəndi artacağını, ÜDM-də çəkisinin isə bu il üzrə 22,6%, 2025-ci il üzrə 25,9%, 2026-cı il üzrə isə 28,5%-ə yüksələcəyini proqnozlaşdırıb. Bank sektorunun xalis xarici borclarının kredit portfelinə nisbəti 2024-cü il üzrə -15,7%, 2025-ci il üzrə -13,7% və 2026-cı il üzrə -12,1% təşkil edəcək.

Bundan əlavə, əhalinin borclarının ÜDM-ə nisbəti 2024-2026-cı illərdə 13,5%-dən 17,5%-ə kimi, biznes kreditlərinin isə 9,1%-dən 11%-ə kimi artacağı müəyyən edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)