Tokayev: "Orta Dəhlizlə daşımaların həcmi ortamüddətli perspektivdə 5 dəfə artırıla bilər"
Mərkəzi Asiya regionu ən mühüm qlobal nəqliyyat və logistika mərkəzinə çevrilə bilər.
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Kazakhstanskaya Pravda" qəzetində dərc olunan "Mərkəzi Asiyanın intibahı: davamlı inkişaf və çiçəklənmə yolunda" adlı məqaləsində deyib.
“Region planetin ən mühüm nəqliyyat, logistika və tranzit mərkəzlərindən birinə çevrilmək üçün hər cür imkana malikdir. Mərkəzi Asiya sürətlə qlobal nəqliyyat kommunikasiyalarının əsas həlqəsinə çevrilir. Bu, ilk növbədə, bütün region ölkələrinin bu və ya digər dərəcədə iştirak etdiyi Çinin perspektivli “Bir kəmər, bir yol” layihəsi və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizidir”, - məqalədə bildirilib.
Qazaxıstan Prezidenti qeyd edib ki, hazırda region dövlətləri yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün digər perspektivli ideyalar irəli sürür. “Qazaxıstan öz tərəfdaşları ilə birlikdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu (Orta Dəhliz) fəal şəkildə inkişaf etdirir, bu marşrutla daşımaların həcmi ortamüddətli perspektivdə 5 dəfə artırıla bilər. Qazaxıstanın dəniz infrastrukturunun – Çin və Mərkəzi Asiya ölkələrindən Cənubi Qafqaza, Türkiyəyə və oradan da Avropaya artan yük həcminin keçdiyi Aktau və Kurık limanlarının inkişafı ilə əlaqədar yeni imkanlar açılır”, – o bildirib.
K. Tokayev qeyd edib ki, Əfqanıstan ərazisindən nəqliyyat dəhlizləri Cənubi Asiya ölkələrinin perspektivli bazarlarına və Hind okeanı limanlarına çıxışı təmin edə biləcək: "Bu, bütün regionun maraqlarına cavab verir".