Azərbaycan və Qazaxıstan enerji sektorunda strateji tərəfdaşlıq sazişi imzalamaq istəyir
Azərbaycan və Qazaxıstan enerji sektorunda strateji tərəfdaşlığa dair hökumətlərarası saziş imzalamağı planlaşdırır.
Məlumata görə, bunu energetika nazirinin müavini Orxan Zeynalov Mərkəzi Asiya ölkələrinin energetika nazirlərinin I iclasında çıxışı zamanı bildirib.
Qazaxıstanla energetika sahəsində əməkdaşlığın hazırkı səviyyəsindən danışan nazir müavini ötən ilin mart ayından etibarən Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqlinin bərpa olunduğunu diqqətə çatdırıb.
Onun sözlərinə görə, bu əməkdaşlığın müsbət dinamikası gələcəkdə neft nəqlinin həcmini artırmağa imkan verir.
“Ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə “Azərbaycan və Qazaxıstan hökumətləri arasında enerji sahəsində strateji tərəfdaşlığa dair saziş” layihəsi hazırlanıb. Əminəm ki, sənədin imzalanması əlaqələrimizi strateji səviyyəyə qaldırmağa kömək edəcək”, - O.Zeynalov vurğulayıb.