Beynəlxalq Olimpiya Komitəsi Fransa televiziyasının işlətdiyi ifadələrə görə Azərbaycandan üzr istəyib
İyulun 26-da Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimində ev sahibi dövlətə məxsus milli televiziyası olan "France2" telekanalının müxbirinin Azərbaycana qarşı qərəzli ifadələri ilə bağlı Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən Beynəlxalq Olimpiya Komitəsinə göndərilən rəsmi etiraz məktubuna cavab gəlib.
Gənclər və İdman Nazirliyindən bildirilib ki, cavab məktubunda Beynəlxalq Olimpiya Komitəsi Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasiminin şərhi zamanı "France2" telekanalının müxbirinin işlətdiyi ifadələrə görə Azərbaycandan üzr istəyib.
Məktubda deyilir:
"BOK-un prezidenti cənab Tomas Baxa ünvanlanmış 27 iyul 2024-cü il tarixli məktubunuz üçün təşəkkür edirik. Fürsətdən istifadə edərək, Paris 2024 Olimpiya Oyunlarının Açılış Mərasiminin təkrar yayımı zamanı France2 televiziyasının müxbirlərinin işlətdiyi ifadələrə görə sizə ən səmimi üzrxahlığımızı çatdırmaq istərdik. Bu cür ifadələr Beynəlxalq Olimpiya Komitəsinin idman və Olimpiya Oyunları vasitəsilə təbliğ etdiyi prinsiplərə və dəyərlərə uyğun gəlmir. Ona görə də biz bütün məsul şəxslərlə əlaqə saxlayıb onlara öz prinsiplərimizi və iş protokollarımızı xatırlatmışıq. Gələcəkdə oxşar ifadələrdən istifadə edilməməsi üçün aydın göstərişlərin çatdırıldığından əmin ola bilərsiz. Anlayışınıza görə çox minnətdarıq və 2024-cü il Paris Olimpiya Oyunları zamanı idmançılarınızın uğurlu nəticələr qazanması üçün hər şeyin ən yaxşısını arzu edirik".
"Paris-2024 Yay Olimpiya Oyunlarının yayımçısı olan "France2" telekanalının ölkəmizə qarşı tutduğu qərəzli mövqeyə və bu hadisədən Beynəlxalq Olimpiya Komitəsinin Azərbaycana üzrxahlıq məktubunu nəzərə alaraq, Fransa hökumətinin də Azərbaycandan rəsmi üzr istəməsini gözləyirik", - Nazirlikdən bildirilib