MALİYYƏ

Bu il Azərbaycanda inflyasiyanı artıran hansı daxili amillər var?

Azərbaycanda inflyasiya, sadə dillə desək məhsul və xidmətlərin bahalaşması səviyyəsi rəsmi rəqəmlərə görə hədəfdən aşağıdır. Hələki xarici fon sabitdir, ölkəmizdə inflyasiyanı artıra biləcək daxili risk amilləri isə daha çox diqqətəçarpır. Bunlar nələrdir?

Azərbaycan Mərkəzi Bankı ölkəmiz üçün inflyasiyanın arzuolunan hədəf aralığını (4±2%) təyin edib. 2024-cü ilin iyul ayına bir illik inflyasiya isə 1.1%-dir, unutmayaq ki, bu rəsmi rəqəmdir və Statistika Komitəsi tərəfindən hesablanır. Beləliklə, inflyasiya hədəfdən aşağıdır və bunun da iqtisadiyyatın inkişafının ləngiməsini göstərən amil kimi öz mənfi tərəfləri var, amma nəzərə alaq ki, əhalinin sosial vəziyyətinə təsiri baxımından inflyasiyanın yuxarı olması daha arzuolunmazdır.

Ölkəmizdə bahalaşmaya təsir edə biləcək xarici amillər hələki bizim xeyrimizədir. Neft baha qiymətə satılır,  ölkəyə külli miqdarda valyuta gəlir və manat möhkəmlənir. Təkcə 2024-cü ilin altı ayında manatın nominal effektiv məzənnəsi 3% bahalaşıb, bu da idxal inflyasiyasını azaldıb. İllik ərzaq inflyasiyası 0.2%, qeyri-ərzaq inflyasiyası 1%, xidmətlər inflyasiyası isə 2.4% olub.

Adətən mövsümi amillərlə bağlı may ayından başlayaraq inflyasiya aşağı olub, amma bu il ərzaq qiymətlərindəki böyük artım, xüsusən də meyvə-tərəvəzin qiymətlərinin ötənilkindən kifayət qədər baha olması açıqca görünür, amma bu inflyasiyada cəmi 0.2% kimi qeyd edilir. Belə çıxır ki, ən çox bahalaşma xidmətlərdə baş verib. Amma nəzərə almaq lazımdır ki, xidmətlərin bahalaşmasının kökündə də istehlakın əsas hissəsi - ərzaq inflyasiyası amili dayanır.

İqtisadçı ekspert Rövşən Ağayevin bununla bağlı arqumenti də maraqlıdır. Onun sözlərinə görə, inflyasiyanı müstəqil ekspertlər də hesablaya bilər, lakin hesablama üçün metodik rəqəmlər tam açıq olmadığından bu mümkün deyil. Məsələn, istehlak səbətində məhsulların xüsusi çəkisi açıqlanmır, üstəlik müxtəlif ciddi manipulyasiyalardan istifadə edirlər.

Beləliklə, inflyasiyanı artıran daxili risk amillərinin başlıcası istehlak xərcləmələrinin artımıdır. Yəni əhalinin xərcləmələri artıb. Bu yaxınlarda ictimai nəqliyyatın və dizel yanacağının bahalaşması da tədris ili başlayanda xərcləmələrin artımında özünü göstərəcək. Azərbaycan Mərkəzi Bankı hesab edir ki, bu amil inflyasiyanı 1% artıra bilər.   

Həmçinin inflyasiyanı artıra biləcək potensial daxili risk amillərindən biri də dövlət xərcləmələrinin artımıdır. Bu xərclərə Qarabağın yenidən qurulmasına və brəpasına qoyulan investisiyalarla yanaşı, COP-29 kimi iriçaplı tədbirlər də daxildir. Bu tədbirdə daha çox rəsmi qonaqların iştirak etdiyini nəzərə alsaq, dövlət xərcləmələrinin kifayət qədər artacağını proqnozlaşdırmaq çətin deyil.

“Daxili risklərə gəldikdə biz burada yerli xrəc amillərini və izafi tələb amillərini görürük. 2024-cü ilin dürüstləşmiş büdcəsi üzrə xərclərin artımının əhəmiyyətli inflyasiya təzyiqi yaradacağını  gözləmirik. Buna baxmayaraq Mərkəzi Bank orta müddətdə büdcə xərclərinin və kredit qoyuluşlarının inflyasiyaya təsirlərini xüsusi nəzarət altında saxlayacaq. Pul siyasəti ilə bağlı növbəti qərarlarımız sözsüz ki, faktiki və proqnozlaşdırılan inflyasiya gözləntiləri və makroiqtisadi vəziyyətlə bağlı veriləcək və makroiqtisadi mühitdə kəskin dəyişiklik olmadığı halda pul siyasəti olduğu kimi qalacaq” – deyə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov vurğulayıb.

Beləliklə, ilin sonuna qədər inflyasiyaya artıcı təsir edə biləcək daxili risklər kifayət qədər çoxdur. Ona görə də manatın rəsmi qiymətinin azaldılmasını, yəni uçot dərəcəsinin endirilməsini gözləmək çətin ehtimal kimi görünür.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)