Nömrə nişanlarında daha bir dəyişiklik: region kodu 3 rəqəmli olacaq
Azərbaycanda nəqliyyat vasitələri üçün yeni dövlət qeydiyyat nişanları hazırlanıb. Bununla bağlı müvafiq qərar imzalanıb.
Qərara görə, AZS 599:2025 dövlət standartına əsasən, dövlət qeydiyyat nişanlarında rəqəm və hərflər arasındakı “defis” işarələri ləğv edilib.
Banker.az xəbər verir ki, nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, nömrə nişanlarındakı dəyişiklik təkcə “defis”lə bağlı deyil.
“Yeni standartlara əsasən, artıq region kodu 2 yox, 3 rəqəmli olacaq. Ümumilikdə isə nömrədə 6 rəqəm olacaq.
• ilk 3 rəqəm – region kodu,
• ardınca gələn 2 hərf – nəqliyyat vasitəsinin seriyası,
• son 3 rəqəm isə – nəqliyyat vasitəsinin qeydiyyat nömrəsini ifadə edəcək”, – ekspert bildirib.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Rövşən Tağıyev deyib ki, hazırda istifadədə olan dövlət qeydiyyat nişanları olduğu kimi qalacaq. Dəyişiklik bundan sonra veriləzək təzə nömrələrdə əksini tapacaq.

















