Faiz qərarını açıqlayan FED-dən endirim siqnalı
Azərbaycanın makroiqtisadiyyatına da birbaşa olmasa da, dolayısı təsir göstərən FED qərarları bütün dünya tərəfindən diqqətlə izlənir. Bugün ölkəmizdə Dollar/Manat məzənnəsi sabit saxlanılsa da, dünyada əsas ticarət valyutası olan dollarla bağlı faiz dərəcələri böyük effektə malikdir.
Beləliklə, dünən FED iyul iclasında uçot dərəcəsini dəyişməyərək 5,25-5,50 faiz səviyyəsində saxlayıb. Faiz qərarı yekdilliklə qəbul edilib. FED 2023-cü ilin iyul ayından etibarən faiz dərəcələrini bu səviyyədə saxlayıb.
Səlahiyyətlilər inflyasiyanın azalması və əmək bazarındakı gərginliyin azalması ilə borclanma xərclərini azaltmağa yaxın olduqlarının siqnalını verdilər.
Vaşinqtonda 2 günlük görüşdən sonra rəsmilər çıxışlarında bəzi dəyişikliklər edərək, “inflyasiya riskləri”nə diqqət yetirmək əvəzinə, “ikili vəzifələr”dəki risklərə qarşı ehtiyatlı olduqları mesajını verdilər.
Mətndə inflyasiyanın son aylarda 2 faizlik hədəfə doğru daha da irəlilədiyi, məşğulluq və inflyasiya hədəflərinə qarşı risklərin daha tarazlı olmağa davam etdiyi bildirilib.
Mətndə məşğulluğun yavaşladığı, lakin işsizlik səviyyəsinin hələ də aşağı olduğu ifadə edildi. Vurğulanıb ki, ötən ildən inflyasiya səngisə də, hələ də bir qədər yüksəkdir. İnflyasiyanın davamlı şəkildə hədəfə düşdüyünə əminlik olmasa, faiz dərəcəsinin aşağı salınmasının məqsədəuyğun olmadığı bir daha vurğulandı.
FED ötən aykdakı iclasında faiz dərəcələrini dəyişməsə də, bu il üçün faiz endirimi gözləntisini 3-dən 1-ə endirdi. İclasda 2024 və 2025-ci illər üçün inflyasiya proqnozlarına yuxarıya doğru yenidən baxılıb.
Pauelldən mesajlar
Qərarın ardından FED sədri Jerome Powell mətbuat konfransında məlumatlardan asılı olmağa davam etdiklərini bildirib. Sentyabr ayı toplantısı ilə bağlı əvvəlcədən qərar verilmədiyini, lakin faizlərin azaldılması nöqtəsinə yaxınlaşdıqlarını söyləyən Pauell, faiz dərəcəsinin aşağı salınmasının sentyabrda masaya gələ biləcəyini bildirib.
O əlavə edib ki, inflyasiyanın hədəfdən bir qədər yuxarıdır və faiz dərəcəsinin aşağı salınması üçün inflyasiyanın aşağı düşdüyünə daha çox inam lazımdır.
Pauellin bəyanatından diqqət çəkən məqamlar aşağıdakılardır:
“Pul siyasətində məhdudlaşdırıcı mövqe davam edir.
İşsizlik səviyyəsi aşağı olaraq qalmaqda davam edir. Əmək bazarı məlumatları tədricən normallaşmaya işarə edir.
İclasda böyük əksəriyyət faiz dərəcələrinin aşağı salınmamasını dəstəkləyib.
İnflyasiya, məşğulluq, risk balansı bizim qərarımıza kömək edəcək.
Qarşıdakı yol iqtisadiyyatdan asılı olacaq.
Hesab edirik ki, faiz dərəcəsinin endirilməsi vaxtı yaxınlaşır.
İqtisadiyyatda sərt eniş riski olduqca aşağıdır.
"İqtisadiyyatın necə inkişaf etməsindən asılı olaraq, sıfır faiz dərəcəsindən tutmuş bir neçə faiz endiriminə qədər dəyişən ssenariləri təsəvvür edə bilərəm."
Ardıcıl 8 görüşdə faiz dərəcəsində dəyişiklik edilməyib
2022-ci ildə aktiv alış əməliyyatını tamamlayan və ABŞ-da yüksək inflyasiya fonunda faiz artırmağa başlayan FED, 2022-ci ilin mart ayından bu yana faiz dərəcələrini 11 dəfə artıraraq, cəmi 525 baza bəndi yüksəldib.
FED son qərarı ilə ardıcıl 8 iclasda siyasət faizini dəyişməyərək cari diapazonda sabit saxladı. Bank sonuncu dəfə 2023-cü ilin iyul ayında siyasət faizini 25 baza bəndi artırıb.
ABŞ-da inflyasiya 2022-ci ilin iyun ayında illik 9 faizlə 1981-ci ildən bəri ən yüksək səviyyəyə çatdıqdan sonra keçən ay illik bazda 3 faizlə gözləntilərin altında qaldı.