Bank

Azərbaycanda dollara tələbin artmasının səbəbləri açıqlandı - RƏSMİ

2024-cü ilin əvvəlindən bəri valyuta bazarında tarazlıq qorunub. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2024-cü ilin ötən dövründə  valyuta hərraclarının bir neçəsində valyutaya tələb artıb

"Buna səbəb dövlət investisiyaları və özəl sektorun istehlakının aktivləşməsi nəticəsində idxalın maliyyələşməsinin genişlənməsidir. 2024-cü ilin 2 ayında qeyri-neft investisiya qoyuluşları ötən ilin müvafiq dövrü ilə müqayisədə 17.1% artmışdır ki, bunun da əhəmiyyətli hissəsi daxili mənbələr hesabına maliyyələşmişdir. Bu, qeyri-neft idxalı üzrə qabaqcadan ödənişlərin artması ilə müşayiət olunmuşdur. Qeyd olunanlar idxal mənşəli valyuta tələbinin artımını təsdiqləyir. Ümumilikdə, valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir", - deyə məlumatda göstərilir.

O da qeyd edilib ki, 2023-cü ilin yekunu üzrə tədiyə balansının cari əməliyyatlar hesabında ümumi daxili məhsulun (ÜDM) 11.5%-i səviyyəsində profisit olub. Ticarət balansında 2024-cü ilin ilk 2 ayında 2.3 mlrd. ABŞ dolları məbləğində profisit formalaşıb. Proqnozlara əsasən mövcud meyillərin davam edəcəyi təqdirdə 2024-cü ilin yekunu üzrə də cari əməliyyatlar hesabının profisitli olacağı (yanvar proqnozu: 7-8 mlrd.ABŞ dolları) gözlənilir.

Bununla yanaşı fevralda depozit dollarlaşmasının azalmaqda davam etməsi yığım vasitəsi kimi manata inamın qorunduğunu göstərir. Belə ki, fevralda maliyyə sektoru çıxılmaqla hüquqi və fiziki şəxslərin depozitlərinin dollarlaşması səviyyəsi yanvar ayına nəzərən 1.3 faiz bəndi, ötən ilin fevral ayı ilə müqayisədə isə 9 faiz bəndi azalmışdır. 

 

Pul siyasəti alətləri avtonom amillərin monetar şəraitə təsirlərinin neytrallaşdırılmasına xidmət edir. Açıq bazar əməliyyatları və daimi imkan alətlərindən aktiv istifadə pul bazarında milli valyutada banklar arasında həm təminatsız, həm də təminatlı bağlanan əqdlərin orta çəkili faiz dərəcələrinin Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkətini təmin etmişdir. Mart ayının ötən dövründə 1 günlük təminatsız əməliyyatlar üzrə orta faiz (1D AZIR) 6.52% (fevralda 6.29%) olmaqla faiz dəhlizinin daxilində formalaşmışdır. Pul bazarındakı faizlərin digər faizlərə, o cümlədən depozit və kredit faizlərinə təsirinin gücləndirilməsi istiqamətində islahatlar davam etdirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)