Sənaye

Azərbaycan 2023-cü ildə mineral gübrə ixracını artırıb

2023-cü ildə Azərbaycan 362,206 min ton mineral gübrə ixrac edib ki, bu da 2022-ci ilin göstəricisindən 0,6% çoxdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, ixrac olunmuş mineral gübrələrin ümumi dəyəri $83 milyon 10,5 min (azalma 60,4%) təşkil edib.

Bundan başqa, 2023-cü ildə Azərbaycana $69 milyon 820,9 min dəyərində (azalma 19,4%) 137,123 min ton mineral gübrə (artım 32,7%) idxal edilib.

Azərbaycanda mineral gübrə istehsalı ilə SOCAR-ın Karbamid Zavodu məşğul olur.

Zavod 2019-cu il yanvarın 16-da istismara verilib və həmin ilin iyun ayında karbamid ixracına başlayıb. Müəssisə ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarətdir, gündəlik istehsal gücü 1,2 min ton ammonyak və 2 min ton karbamiddir. Zavodun karbamid ixracından illik gəliri $160 milyon məbləğində proqnozlaşdırılır.

Zavodun tikintisinin ümumi dəyəri 780 milyon avro təşkil edib. Bu məbləğdən 197 milyon avro Azərbaycanın dövlət büdcəsindən ayrılan vəsaitin, 500 milyon avro borc vəsaitin, 80-85 milyon avro isə SOCAR-ın tikinti zamanı öz vəsaiti hesabına büdcəyə ödədiyi vergi və digər ayırmaların payına düşüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)