Naxçıvan gömrükçüləri illik proqnoz tapşırığını 140 % yerinə yetirib
2023-cü ildə Dövlət Gömrük Komitəsinin (DGK) Naxçıvan Baş Gömrük İdarəsi arxivlənən bəyannamələr və qeydə alınan nəqliyyat vasitələri üzrə 103 milyon 641 min manat gömrük ödənişi toplayıb.
Bu barədə İdarənin illik hesabatında bildirilir.
Sənədə əsasən, bu, 2022-ci illə müqayisədə 44 %, illik proqnoz tapşırığından isə 40,3 % çoxdur. Başqa sözlə, Naxçıvan gömrükçüləri illik proqnoz tapşırığını 140,3 % yerinə yetirib, dövlət büdcəsinin gəlirlərinin formalaşdırılması ilə bağlı dürüstləşmədən sonra müəyyən olunmuş 64 milyon 494 min manat proqnoza qarşı 90 milyon 501 min manat vəsait toplanılıb.
Eyni zamanda “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsi haqqında” qanunla müəyyən olunmuş yоl vergisi üzrə 1 milyon 150 min manat proqnoza qarşı 11 milyon 985 min manat və yaxud 11,4 dəfə artıq, “İcazə” blankına görə dövlət rüsumu üzrə isə 270 min manat proqnoza qarşı 1 milyon 156 min manat və yaxud 5,2 dəfə artıq olmaqla 13 milyon 141 min manat vəsait muxtar respublikanın büdcəsinə köçürülüb ki, bu da ümumilikdə muxtar respublikanın 2023-cü il ərzindəki büdcə gəlirlərinin 7,1 %-ini təşkil edib.
Gömrük ödənişlərinin 42,2 milyon manatını və yaxud 41 %-ni əlavə dəyər vergisi (ƏDV), 32,3 milyon manatını və yaxud 31 %-ini gömrük rüsumları, 15,9 milyon manatını və yaxud 15 %-ini aksiz vergisi, 32,8 min manatını dəbbə pulu, 11,9 milyon manatını və yaxud 12 %-ni yol vergisi, 1,2 milyon manatını və yaxud 1 %-ni isə “İcazə” blankına görə dövlət rüsumu təşkil edib.
Qanunvericiliyə uyğun olaraq ümumi idxalın 32 %-ini idxal gömrük rüsumlarından, ümumi idxalın 13 %-ini isə əlavə dəyər vergisindən azad edilib. Habelə, artıq keçirilən yanacağa görə alınan spesifik gömrük rüsumunun məbləği 10 milyon 907 min manat olub ki, bu da 2022-ci ildə toplanan məbləğlə müqayisədə 11,1 dəfə artıq olub. Gömrük sisteminin büdcədənkənar inkişaf fonduna isə 3 milyon 338 min manat vəsait köçürülüb.