Bank

Azərbaycanda pulun dövretmə sürəti 5 ilin minimumuna enib. Mərkəzi Bank bunu nə ilə izah edir?

2023-cü ildə Azərbaycanda manatın dövretmə sürəti əvvəlki ilə nisbətən əhəmiyyətli dərəcədə azalıb. ENA.az xəbər verir ki, ümumiyyətlə son 5 ilin ən aşağı göstəricisi qeydə alınıb. Belə ki, dövretmə sürəti 2023-cü ilin sonunda 3.48 olub. Ən yüksək dövretmə sürəti isə 2015-ci ildə qeydə alınıb - 6.25%!

Mərkəzi Bankın analizləri nə göstərir - əsas faktor nədir? Yalnız inflyasiya, yoxsa başqa amillərin də həlledici rolu var?

Bununla bağlı ENA.az-ın ünvanlandığı sualı cavablandıran Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib ki, bunun əsas səbəbi dövriyyədə likvid vəsaitlərin həcminin çox olmasıdır. Bunun iqtisadi tərəfləri, məsələn, iqtisadiyyatın zəif inkişaf tempi və biznesin vəsaitə tələbinin azalmasına gəlincə, AMB sədri bu barədə açıqlama verməyib.  

ENA.az xəbər verir ki, ölkəmizdə manat kütləsində böyük həcmdə artım baş verir. 2023-cü ilin sonuna geniş mənada pul kütləsinin həcmi 35 milyard 372 milyon manata yüksəlib. Bir il ərzində pul kütləsi 6 milyard manat artıb. Eynilə, 6 milyard manatlıq artım 2022-ci ildə də qeydə alınıb və həmin ilin sonunda Azərbaycan Mərkəzi Bankı pulları dövriyyədən yığmaq, sterilizasiya tədbirlərindən biri kimi məcburi ehtiyat normalarını kəskin artırdı. Lakin görünən odur ki, Mərkəzi Bank sterilizasiya edəndən sonra belə likvid vəsaitlər çoxdur. Böyük həcmdə, sərbəst vəsaitlər var və iqtisadiyyat onu həzm edə bilmir. Bunu depozitlərin kreditləri həddən artıq üstələməsi də göstərir. Belə ki, 2023-cü ilin sonuna depozitlərin həcmi 37 milyard manat, kreditlərin həcmi isə 24 milyard manat təşkil edir. Ortada 14 milyard manat həcmində depozit qalığı yaranır.

Ekspert Rövşən Ağayevin sözlərinə görə, Azərbaycanda iqtisadiyyatın resurslara tələbi zəifdir, makroiqtisadi çətinliklər var. Mərkəzi bankın bu qədər yüksək ehtiyat normaları ilə vəsaitləri sterilizasiya etməsi belə likvidlik problemini tam həll eləmir və bu da inflyasiyaya artırıcı təsir göstərir.

Qeyd edək ki, 2022-ci ilin dekabrından məcburi ehtiyat normalarında ciddi artımlar oldu. Məcburi ehtiyat  normaları daha çox depozitlərə görə yerləşdirilir. Əmanətlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır. 

Məsələn, fiziki şəxslərin əmanətlərinin milli valyutada 5%, xarici valyutada 6%, hüquqi şəxslərin əmanətlərinin milli valyutada 10%, xarici valyutada 750 milyon manatdan çox olduqda 12%-i ehtiyatda saxlanılır. Burada iki məqsəd var. Birincisi məcburi ehtiyatlar vasitəsilə sterilizasiya etməklə inflyasiyaya basqını azaltmaq və ikincisi bankların depozitlərə münasibətdə dayanıqlığını təmin etmək. Bunu böyük banklara qarşı daha yüksək məcburi ehtiyat faizlərinin tətbiq edilməsi də təsdiqləyir. Çünki sistem əmələgətirici banklarda yaranan hər hansı problem ilk olaraq əmanətlərin banklardan qaçmasına səbəb olur və bu, bir bankdakı hal bütün sektora təsir edərək, panika yaradır. Ona görə də bu, bank sektorundakı risklərə qarşı önləyici tədbirdir.

Beləliklə, likvidliklə təkbaşına mübarizə aparmaq Azərbaycan Mərkəzi Bankı üçün çətindir və demək olar ki, mümkünsüzdür. Bunun üçün hökumətin iqtisadi blokunun iqtisadiyyatın inkişafı ilə bağlı kompleks tədbirlər görməsi vacibdir. Azərbaycanda 2023-cü ildə ÜDM-nin həcmi 1,1% təşkil edib və bu region dövlətləri arasında ən zəif göstəricidir.   

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)