Yanvardakı kapitalın 17,3%-i xarici investisiyalardır. Kapitalın həcmi isə 37% artıb
2024-cü ilin yanvar ayında Azərbaycanda əsas kapitala 1 milyard 533 milyon manat məbləğində, yaxud 2023-cü ilin yanvar ayı ilə müqayisədə 37,4% çox vəsait yönəldilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 44,5%, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 34,1% artıb.
İstifadə olunmuş vəsaitin 707,3 milyon manatı və ya 45,5%-i məhsul istehsalı sahələrinə, 782,6 milyon manatı (50,4%-i) xidmət sahələrinə, 63,1 milyon manatı (4,1%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Yanvarda əsas kapitala yönəldilmiş vəsaitlərin 248,7 milyon manatını və ya 17,3%-ni xarici investisiyalar, 1 milyard 284,3 milyon manatını və ya 82,7%-ni daxili vəsaitlər təşkil edib.
Hesabat dövründə əsas kapitala yönəldilmiş vəsaitlərin 1 milyard 167,7 milyon manatı və ya 75,2%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
2023-cü ildə Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitin həcmi 9,8% artıb.