Dövlət Xidməti “Azərbaycan Dəmir Yolları” barəsində iş qaldırıb
Azərbaycanda iki logistika şirkətinin təşəbbüsü ilə dövlətin dəmir yollarının yeganə operatoru “Azərbaycan Dəmir Yolları” QSC barəsində iş qaldırılıb.
Bu barədə ENA.az İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir.
Belə ki, “Alliance Logistics” MMC, “Caspian Rail” MMC “Azərbaycan Dəmir Yolları” dəmir yol sahəsində fəaliyyət göstərən ekspeditor şirkətlərinə qarşı haqsız rəqabətə və ayrıseçkiliyə yol verməsi, habelə əməkdaşlıqdan əsassız olaraq imtina etməsinin araşdırılması təşəbbüsü ilə çıxış ediblər.
Dövlət Xidmətinin məlumatına əsasən “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 4-cü və 11-ci bəndlərinin, 8-ci maddəsinin 7-ci və 8-ci bəndlərinin, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci hissəsinin, 6-cı maddəsinin 2-ci hissəsinin və 7-ci maddəsinin 3-cü hissəsinin tələblərinin pozulması əlamətləri ilə əlaqələndirilir.