Sosial iqtisadiyyat

Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası

ENA.az əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası ilə bağlı əmək qanunvericiliyi üzrə təlimçi və İnsan resurslarının idarə edilməsi üzrə mütəxəssis Vasif Ağayevin yazısını təqdim edir.
 
İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra isə işçinin işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququ vardır. Belə bir hal olduqda,  işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək əmək müqaviləsinə xitam verilməsi barədə fikrini dəyişərsə, onun ərizəsini geri götürmək  və ya onu etibarsız hesab etmək barədə hüququ vardır və belə bir hal olarsa, bu barədə işəgötürənə yeni ərizə verə bilər. 

Bununla əlaqədar işçi işəgötürənə ərizə təqdim etdiyi halda işəgötürən onun əmək müqaviləsini ləğv edilə bilməz. Yalnız bir istisna hal var ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əgər yazılı xəbərdarlıq etmiş olarsa, o zaman işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. 

Eyni zamanda işçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə təqdim edilməlidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)