Birja

Nefti bahalaşdıran hansı xəbərlər oldu?

Cümə günü neft qiymətləri əvvəlki sessiyada 3% artımdan sonra korrektə edərək ucuzlaşdı və həftəni oktyabrdan bəri ən yüksək artımla başa vurdu.

Londonun ICE Futures birjasında Brent markalı neftin mart fyuçerslərinin dəyəri saat 9:15-ə olan vəziyyətə görə, bir barel üçün 82,04 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,39 dollar (0,47%) azdır. Cümə axşamı bu kontraktlar 2,39 dollar (3%) artaraq 82,43 dollar/barel olub.

Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda mart ayı üçün WTI neftinin qiyməti bu dəfə 0,52 dollar (0,67%) ucuzlaşaraq bir barelə görə 76,84 dollar olub. Əvvəlki ticarətin nəticələrinə görə, bu müqavilələrin dəyəri 2,27 dollar (3%) artaraq bir barel üçün 77,36 dollar təşkil edib.

Hər iki müqavilə cümə axşamı noyabrın sonundan bəri ən yüksək səviyyədə bağlandı. Bu həftə Brent 4,4%, WTI 4,9% bahalaşıb.

Neft qiymətləri yanvarda Yaxın Şərqdə gərginliyin artması fonunda bahalaşıb. Bazar bu həftə ABŞ-da şaxtalı hava səbəbindən istehsalın azalması xəbərləri, habelə Çinin iqtisadi aktivliyi stimullaşdırmaq üçün elan etdiyi tədbirlərlə daha da dəstəklənib və bu, Çin iqtisadiyyatının perspektivləri ilə bağlı investorların əhval-ruhiyyəsini yaxşılaşdırıb.

MarketWatch-in sitat gətirdiyi kimi, Sevens Report Research-in redaktoru Tyler Ritchie, "Bu həftə xəbər axını demək olar ki, tamamilə neft qiymətlərini dəstəklədi və biz bir neçə ayda ilk dəfə qiymətlərdə əhəmiyyətli artım müşahidə edirik" dedi.

Yanvarın əvvəlindən neftin qiyməti 6,5-7% artıb.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)