Sənaye

2023-cü ildə Azərbaycanda qızıl və gümüş hasilatı azalıb

2023-cü ildə Azərbaycanda 2 min 614 kq qızıl hasil edilib ki, bu da 2022-ci ilin göstəricisindən 17,7% azdır. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə 3 min 762,2 kq gümüş (azalma 50,5%) hasil edilib.

Dekabrda 106,1 kq qızıl (noyabrda 376,7 kq) və 91,1 kq gümüş (noyabrda 372 kq) hasil edilib.

Hasil edilən qızıl və gümüş emala göndərilib.

1 yanvar 2024-cü il tarixinə istehsalçı şirkətlərin anbarlarında qızıl ehtiyatının həcmi 321,2 kq, gümüş ehtiyatının həcmi 121 kq təşkil edir.

Hazırda Azərbaycanda qiymətli metal hasilatı “AzerGold” QSC və Britaniyanın “Anglo Asian Mining PLC” şirkəti tərəfindən həyata keçirilir.

“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.

Azərbaycan hökuməti və “Anglo Asian Mining PLC” şirkəti arasında Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir. 2021-ci ilin sentyabr ayında imzalanmış yeni müqaviləyə əsasən, 3 yeni müqavilə bloku “Anglo Asian Mining”in sərəncamına verilib və şirkət bir yatağı işləmək hüququndan imtina edib. Bununla da hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir. Hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)