İnşaat və əmlak

"Bakının mərkəzində yalnız yüngül sənaye sahələri qalacaq"

Bakının mərkəzində yalnız yüngül sənaye sahələri qalacaq. Bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.

"Sənaye müəssisələrinin yerində inşa edilən şəhərə misala olaraq Ağ şəhəri misal çəkə bilərik. Bu, belə də davam edəcək. Mərkəzdə yalnız yüngül sənaye sahələri qalacaq. Məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı binaların bəziləri qəzalı vəziyyətə çox yaxındır. Onların Qarabağa köçürülməsi prosesi müvafiq qaydada davam etdirilir. İnsanlar köçürüldükdən sonra o binaların da digərlər qəzalı binalar kimi yenidən qurulması nəzərdə tutulur. Artıq yanaşmalar kompleks olacaq. Bu da şəhərdə müvafiq istirahət yerlərinin, yaşıllıqların planlaşdırılmasına zəmin yaradır", - deyə o qeyd edib.

O, qeyd edib ki, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planına əsasən, paytaxtda mənzil fondunun yenilənməsi planlaşdırılır.

"Hazırda bu istiqamətdə layihələr davam etdirilir. Mənzil fondunun yenilənməsi prosesi bu gün də dövlətin müəyyən dəstəyi və investorların cəlb edilməsi ilə həyata keçirilir. Baş plana uyğun olaraq 2040-cı ilə qədər bu addımlar davam edəcək", - deyə o qeyd edib.

4 vacib hədəfə əsaslanan Baş plan paytaxtın 212,3 min hektarlıq bütün inzibati ərazisini əhatə etməklə 2040-cı ilədək olan müddət ərzində şəhərin əsas inkişaf prioritetlərini özündə əks etdirir. Həmin hədəflər şəhərin dayanıqlı inkişafı, ətraf mühitin bərpası, memarlıq irsinin qorunması, yeni şəhər iqtisadiyyatı formalaşdırılmasıdır.

Baş plana uyğun olaraq vahid mərkəzli aqlomerasiya - Bakı növbəti inkişaf mərhələsində rahat, ekoloji təmiz, mobil, insanyönümlü və inklüzivçoxmərkəzli şəhərə çevriləcək. Baş Plan həmçinin ərazi zonalaşdırılması, əsaslı tikinti, nəqliyyat və sosial infrastruktur, kommunal sistəmler, hibrid yaşıl dəhlizlərin yaradılması ilə ətraf mühitin təmizlənməsi, eyni zamanda ərazilərin abadlaşdırılması tədbirlərini, habelə post-sənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir. Sənəddə bunlarla yanaşı icra müddətinin ilk illərində həyata keçirilməli prioritet fəaliyyətlər müəyyən edilib. Strateji layihələr həm özünəməxsus məkan konsepsiyalarını, həm də Bakıda həyat keyfiyyətinin yaxşılaşdırılması üçün ümumi təşəbbüsləri təmsil edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)