Sənaye

Gədəbəy yatağından çıxarılan qızıl 49% azaldı

Britaniyanın “Anglo Asian Mining” şirkəti (ААМ – Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator ) 2023-cü ildə 31,821 min unsiya qızıl ekvivalentində (GEO) qiymətli metal hasil edib ki, bu da 2022-ci ilin göstəricisindən 44,8% azdır. Bu barədə şirkətin məlumatında deyilir.

"2023-cü ildə Azərbaycanda 30 min unsiyadan 34 min unsiya GEO-dək qiymətli metalların hasilatı ilə bağlı proqnoz halında, faktiki hasilat 31,821 min unsiya GEO təşkil edib. Bununla yanaşı, qızıl hasilatı 21,758 min unsiya (azalma 49,5%), mis - 2,138 min ton (azalma 15%), gümüş - 53,226 min unsiya (azalma 70,8%) təşkil edib", - şirkətin məlumatında bildirilir. 

“Gədəbəy” yatağından 20,316 min unsiya qızıl (azalma 49,2%), 9,532 min unsiya gümüş (azalma 64,6%) hasil edilib.

“2023-cü ildə dünya bazarlarında bir unsiyası $1,951 min olan 15,8 min unsiya qızıl külçə (azalma 54,8%) satılıb. 2022-ci ildə hər unsiya üçün orta satış qiyməti $1,783 min təşkil edib”, - məlumatda bildirilir.
Ötən il ərzində şirkət 12,223 min ton (azalma 8,1%) mis konsentratı istehsal edib, bunun 11,192 min tonu (azalma 10%) $15,793 milyon dəyərində (azalma 29%) realizə olunub.

AAM-nin məlumatına görə, 31 dekabr 2023-cü il tarixində şirkətin xalis borcu $10,3 milyon təşkil edib (sentyabrın 30-na $1,6 milyon məbləğində xalis pul vəsaitinə qarşı).

Şirkət 31 dekabr 2023-cü il tarixinə olan vəziyyətə görə, $7,1 milyon bazar dəyərində qiymətli metal ehtiyalarına malik olub, buna $6,9 milyon dəyərində qızıl və gümüş külçə, $0,2 milyon dəyərində mis konsentratı daxildir.
Press-relizdə «Anglo Asian»ın prezidenti və baş icraçı direktoru Reza Vəzirinin sözlərinə istinadən qeyd olunub ki, şirkətin 2023-cü il ərzində üzləşməli olduğu bir sıra problemlərə baxmayaraq, AAM proqnoz daxilində hasilat göstəricilərinin yerinə yetirilməsinə nail olub.
"Noyabr ayında fəaliyyətimizi bərpa etmək üçün Azərbaycan hökuməti ilə (ekoloji) protokolu razılaşdırdıq və dekabrda “Gədəbəy” flaqman mədənində hasilata yenidən başladıq", - məlumatda bildirilir.
Vəziri əlavə edib ki, 2024-cü ildə şirkət artım strategiyasına uyğun olaraq aktivlər portfelinin inkişafına prioritet diqqət yetirməyə davam edəcək, eyni zamanda mövcud mədənlərdə hasilatı artıracaq.
"Biz, 2024-cü ilin ikinci rübündən başlamalı olan “Gədəbəy”də filizin flotasiya üsulu ilə emalının bərpası prosesində əhəmiyyətli irəliləyiş əldə etməyə davam edirik", - o deyib.

Hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir. “Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb.

Azərbaycan hökuməti və “Anglo Asian Mining PLC” şirkəti arasında Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.
“Anglo Asian Mining plc” şirkətinin 2023-2028-ci illəri əhatə edən strateji inkişaf planına əsasən, 2024-2025-ci illərdə Azərbaycanda 70-75 min unsiya, 2026-2027-ci illərdə 115-125 min unsiya, 2028-ci ildə 175 min unsiya qiymətli metal hasil ediləcək. Beləliklə, 2023-2028-ci illərdə qiymətli metal hasilatı 3,2-3,5 dəfə artacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)