“Vergi Məcəlləsi”ndə dəyişən əsas məqamların - İZAHI
Dünən prezident İlham Əliyev "Vergi Məcəlləsi"nə dəyişiklikləri təsdiqlədi. Beləliklə, 2024-cü ildən Məcəllənin yeni variantı qüvvəyə minir. ENA.az əsas dəyişikliklərin izahını oxucularına təqdim edir.
Beləliklə, vergi ödəyicilərinin fəaliyyətinin genişləndirilməsi və ödəyicilərə sahibkarlıq fəaliyyətində dəstəklərin verilməsi üçün AR Vergi Məcəlləsində 2024-cü ilin 1 yanvar tarixindən qüvvəyə düşəcək bir sıra dəyişikliklər nəzərdə tutulub. Qeyd olunan dəyişikliklərin əsas məqsədi vergi ödəyicilərini stimullaşdırmaq və vergi yükünü onlara uyğun qaydada müəyyənləşdirməkdən ibarətdir.
Riskli vergi ödəyicisi, avans...
Dəyişikliyə əsasən, vergi ödəyicisi əməkdaşlıq etdiyi digər vergi ödəyicisinin riskli vergi ödəyicisi olmaq ehtimalını dəqiqləşdirmək məqsədilə onun razılığı əsasında ödəyicinin bir sıra əməliyyatlarını yoxlamaq imkanına malik olacaq.
Vergi ödəyiciləri arasında baş verən avans qaydada hesablaşmaların uçotunun aparılması məqsədilə avans müqabilində e-qaimə təqdim olunması da dəyişiklikdə nəzərdə tutulmuşdur.
Vergi ödəyicisi vergi borcunun yerinə yetirilməsi ilə bağlı möhlət ala bilməsi üçün minimum vergi uçotunda olma tələbi 3 ildən 2 ilə endirilmişdir.
Fiziki və hüquqi şəxslər tərəfindən payların satışı zamanı gəlir (mənfəət) vergisinin hesablanmasında payların satışı əməliyyatı ilə bağlı çəkilən digər xərclər də verginin hesablanması zamanı nəzərə alınacaqdır.
Azadolmalar
Fiziki şəxslərin əldə etdiyi hədiyyələrin və təhsil haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin gəlir vergisindən azadolma limiti 1000 manatdan 2500 manata qaldırılıb.
Kənd təsərrüfatı istehsalı ilə məşğul olan hüquqi şəxslərin təsisçilərinin dividend gəlirləri 2027-ci ilədək gəlir vergisindən azad olunub.
Respublika idman federasiyaları və assosiasiyaları tərəfindən beynəlxalq və ölkələrarası idman yarışlarına görə pul şəklində verilən mükafat 50000-dək gəlir vergisindən azad edilib.
Fiziki şəxslərin milli valyutada olan depozitlərindən faiz gəlirlərindən 200 manat azadolma tətbiq edilib.
Fiziki şəxslərin milli valyutada olan depozitlərindən faiz gəlirlərindən depozit 18 ay və daha çox müddətə yerləşdirildikdə və 18 aydan tez ödənilmədikdə tam azadolma 3 il müddətində tətbiq edilib.
Vergi ödəyicisi olan fiziki şəxs kiçik, orta və ya iri sahibkarlıq subyektinə keçid edərsə 3 il mikrosahibkarlıq dövründə olan vergi öhdəliyinin 75%-nin gəlir vergisindən azad olunması nəzərdə tutulub.
Fiziki şəxslər tərəfindən alış-veriş zamanı ƏDV-nin geri qaytarılmasından əldə etdikləri qazanc gəlir vergisindən azad edilib.
İcbari Sığorta Bürosunun gəliri mənfəət vergisindən azad olunub.
Məktəbəqədər təhsil müəssisələrinin mənfəəti mənfəət vergisindən azad olunub (dividendə yönəldilən hissə istisna olmaqla).
Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirləri, kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar mənfət vergisindən 2027-ci ilədək azad edilib.
Mikro sahibkarlıq subyekti olmayan kinematoqrafiya müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi mənfəət vergisindən azad olunub.
Vergi orqanının tələbi əsasında malların alışını təsdiq edən sənəd təqdim olunmadığına görə vergi ödəyicisinə malların alışını təsdiq edən sənədlərin olmamasına görə maliyyə sanksiyası tətbiq olunmuşdursa malların sanksiya hesablandığı dəyər mənfəət vergisi məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid ediləcək.
Yerli alışlar zamanı elektron qaimə-faktura ilə rəsmiləşdirilməyən, alış aktı əsasında və NKA çeki əsasında malların alınması zamanı gəlir və xərcə münasibətdə (aralarından daha böyük olan) maksimum 2% həddində mənfəət(gəlir) vergisi məqsədləri üçün gəlirdən çıxılmasına icazə veriləcək.
Fərqləndirmələr
Mənfəət vergisi məqsədləri üçün təmir xərcinin gəlirdən çıxılma imkanını genişləndirmək məqsədilə yük avtomobillərinin təmirinə çəkilmiş xərclərin yuxarı limiti təmir xərcinin 5% hissəsindən 8%-ə artırılıb.
Balansda olmayan və icarəyə götürülmüş əsas vəsaitin təmir xərci 5 ildən az olmayaraq icarə müddətinə mütənasib qaydada amortizasiya olunaraq xərcə aid oluna biləcək.
Dəyişikliyə əsasən müqaviq icra hakimiyyəti tərəfindən müəyyənləşdirilmiş norma çərçivəsində nümayəndəlik xərclərinin, işçilərlə bağlı mənzil və yemək xərclərinin gəlirdən çıxılması mümkün olacaq.
Dividenddən ödəmə mənbəyində verginin faiz dərəcəsi 10%-dən 5%-ə endirilib.
ƏDV-dən azadolmalar
Tədris bazası kimi fəaliyyət göstərən tibb müəssisələrində tibbi xidmətlərin göstərilməsi 2027-ci ilədək ƏDV-dən azad olunub.
Kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr - 2014-cü il yanvarın 1-dən 13 il müddətinə ƏDV-dən azad olunmuşdur.
Buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı ƏDV-dən 2027-ci ilədək azad olunmuşdur.
Dəyişikliyə əsasən yalnız siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən mineral gübrələrin, pestisidlərin idxalı və satışı ƏDV-dən azad olunmuşdur.
Yem əlavələri, kəpəyin istehsalı və satışının ƏDV-dən azad olunması 2027-ci ilədək uzadılmışdır.
2027-ci ilədək tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi xidmət müqabilində nağdsız dövriyyənin 50%-i ƏDV məqsədləri üçün vergitutulan dövriyyədən azaldılacaq.
Dəyişikliyə əsasən müqaviq icra hakimiyyəti tərəfindən müəyyənləşdirilmiş norma çərçivəsində nümayəndəlik xərclərinin, işçilərlə bağlı mənzil və yemək xərclərinin ƏDV-sinin əvəzləşdirilməs mümkün olacaq.