Birja

BFB-nın dövriyyəsini artıran qiymətli kağızlar hansılardır?

2023-cü ilin yanvar-noyabr aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 21 milyard 836 milyon 902,192 min manat təşkil edib. Bu 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 1,8 dəfə çoxdur.

BFB-dən verilən məlumata görə, 7 milyard 400 milyon 510,747 min manat (artım 10,7%) dövlət qiymətli kağızları ilə əqdlərin payına düşüb. Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların həcmi 3 milyard 696 milyon 81,083 min manat (artım 1,9 dəfə) olub. İlkin bazarda 2 milyard 997 milyon 392 min manatlıq, təkrar bazarda 698 milyon 689,083 min manatlıq istiqraz yerləşdirilib.

Hesabat dövründə AMB-nin qısamüddətli notlarının yerləşdirilmə həcmi 3 milyard 704 milyon 429,663 min manat (azalma 21,2%) təşkil edib. İlkin bazarda 3 milyard 9 milyon 880,458 min manatlıq, təkrar bazarda 694 milyon 549,205 min manatlıq not yerləşdirilib.

11 ay ərzində BFB-nin ümumi dövriyyəsində 1 milyard 337 milyon 650,164 min manat (artım 4,9%) korporativ bazarın, o cümlədən 661 milyon 580,851 min manat ilkin bazarın, 676 milyon 69,312 min manat təkrar bazarın payına düşüb.

İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilmə həcmi 919 milyon 751,563 min manat, sair korporativ istiqrazların yerləşdirilmə həcmi 354 milyon 688,991 min manat, səhmlərin yerləşdirilmə həcmi 63 milyon 209,61 min manat təşkil edib.

Hesabat aylarında BFB-nin ümumi dövriyyəsində 13 milyard 98 milyon 741,281 min manat repo əməliyyatlarının (artım 3 dəfə) payına düşüb.

BFB-nin məlumatına görə, noyabrın sonuna birjanın kapitallaşması 5 milyard 904,144 min manat təşkil edib ki, bu da 2023-cü ilin əvvəlinə olan göstəricidən 19,3% çoxdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)