Qeyri-yaşayış obyektlərinin torpaqlarının kateqoriyası yeni qaydada dəyişdiriləcək
Nazirlər Kabineti “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nda dəyişiklik edib.
Qərara əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin əsasları artır və bu sıraya “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli 2181 nömrəli Fərmanına uyğun olaraq 2025-ci il yanvarın 1-dək edilən müraciətlər əsasında istismarına icazə verilmiş qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin yerləşdiyi torpaqların kateqoriyasının dəyişdirilməsi daxil edilir.
Qeyd edilən əsaslara uyğun olaraq, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti istismarına icazə verilmiş qeyri-yaşayış təyinatlı obyektlər barədə məlumat daxil olduğu gündən 10 (on) iş günü müddətində, Fərman qüvvəyə minənədək və ya Fərmana uyğun olaraq istismarına icazə verilmiş qeyri-yaşayış binaları bu məqsəd üçün nəzərdə tutulmayan torpaq sahəsində inşa olunduğu hallarda həmin icazə əsasında qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi barədə Nazirlər Kabineti qarşısında vəsatət qaldırır.
Nazirlər Kabineti vəsatətə əlavə olunan yerquruluşu planında göstərilən koordinatlar daxilində istismarına icazə verilmiş qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsini vəsatət qaldırıldığı tarixdən 15 (on beş) gün müddətində təmin edir.