Banklar kart ödənişlərində limitlər tətbiq edə bilərlər. Kiber fırıldaqçılıq hallarına qarşı tədbirlərdən biri budur
Son dövrlər ölkəmizin bank, maliyyə xidmətləri davamlı şəkildə rəqəmsallaşır və nəticədə insanlar daha sürətli və asan ödəniş vasitələrinə üz tuturlar. Amma sürətlə yanaşı təhlükələr də artır, çünki rəqəmsallaşmadan istifadə edərək kart və hesabları "boşaldan" cinayətkar qruplar da akitvləşib.
Dövriyyə iki dəfə artıb
ENA.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının Baş direktoru Fərid Osmanovun sözlərinə görə, 2023-cü ilin ilk 10 ayında nağdsız ödənişlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artıb:
Rəqəmlərə daha müfəssəl baxsaq, banklar və “Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 16 milyon 210 min ədəd təşkil edir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20.9% artım deməkdir. Ödəniş kartlarında artım debet kartları üzrə 20.8%, kredit kartları üzrə 22.1% olub. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 72 min, kredit kartları 389 min, digər kartlar isə 2.2 mln. ədəd artıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.2 dəfə yüksəlib. 2023-ci ilin oktyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 5017 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 4107 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 902 mln. manatı POS-terminallar, 8 mln. manatı isə özünə xidmət terminallarının vasitəsilə reallaşdırılıb. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 54.7%-ni tutur.
Ödənişlərdə ağıllı cihazlardan istifadə surətlə artır
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda POS-terminallar vasitəsilə ödənişlərdə ağıllı cihazlardan istifadə 27 % təşkil edib.
Azərbaycan Mərkəzi Bankın (AMB) Ödəniş sistemləri və hesablaşmalar departamentinin böyük mütəxəssisi Rəşad Qasımov media nümayəndələri üçün təşkil olunan "Ödənişlərin təhlükəsizliyi və kibertəhlükəsizlik" mövzusunda təlimdə çıxışı zamanı deyib ki, rəqəmsal ödənişlərdə kartlardan istifadə artdıqca kiberdələduzların da bu sahəyə marağı artır:
“Bu isə o deməkdir ki, biz artıq təhlükəsizlik tələblərini diqqətdə saxlamalıyıq. Kiberhücumların baş tutmasında vətəndaşların maliyyə savadlılığının aşağı olması mühüm faktorlardan biridir. Nağdsız ödənişlərdən istifadə edən əhalinin, xüsusi hədəf qruplarının maliyyə savadlılığı ilə bağlı bəzi təhlükəsizlik qaydalarını bilməməsi onların vəsaitlərini itirməsi riskini artırır. Belə ki, onlar qarşı tərəfin bank nümayəndəsi və ya dələduz olmasını müəyyən etmək üçün bəzi kritik məqamlara diqqət yetirməlidirlər. Fırıldaqçıların əldə etmək istədikləri məlumatlar həssas məlumatlardır. Bu, vətəndaşın şəxsi, bank və kart məlumatlarıdır. İstifadəçilər həmin məlumatların sorğulanması zamanı qarşı tərəfin fırıldaqçı olduğunu müəyyən edə bilərlər”.
Kiberhücumlardan qorunmaq üçün banklara xüsusi tələblərin olduğunu deyən R.Qasımov hazırda gücləndirilmiş müştəri autoindentifikasiya qaydalarının hazırlandığını bildirib. Əlavə edib ki, yeni qaydalarda ödənişlərlə bağlı banklara müəyyən limitlər qoyulacaq:
“Məsələn, müştəri təmassız ödənişlərdən istifadə edə bilər, lakin emitent bank öz riskini qiymətləndirirək əməliyyatlara və ya gündəlik ödəniş məbləğlərinə limit tətbiq edə biləcək.”
O bildirib ki, bank müştəriləri tərəfindən PIN-kod daxil edilmədən və ya biometrik eyniləşdirmə olmadan həyata keçirilən təmassız ödənişlər üzrə əməliyyatların məbləği üzrə müəyyən limitlər müəyyən ediləcək. Müvafiq limitdən sonra kart sahibinin eyniləşdirilməsi üçün PIN-kodun daxil edilməsi və ya biometrik eyniləşdirmənin həyata keçirilməsi tələb olunacaq.
Visa şirkətinin “Risklərin idarə edilməsi şöbəsi”nin müdiri Larisa Makarova bildirib ki, 1993-cü ildən bugünə qədər “Visa”nın təhlükəsizlik məsələlərinə 500 milyon dollar sərmayə qoyub. Təkcə 2022-ci ildə şirkət 27 milyard dollar dələduzluq faktının qarşısını alıb.
“Hər bir tranzaksiya üçün Visa token yaradıb. Click to Pay -ödəniş edən cihazı belə yoxlayır. Kontaktsız əməliyyatların sayı baxımından Azərbaycan TOP-5 ölkələrin sırasına daxildir. Amma tokenlərdə bu rəqəmlər çox kiçikdir və Azərbaycanın müvafiq qurumları bu sahədə işləməlidirlər”, - deyə L.Makarova qeyd edib.
Banklardan aylıq və rüblük hesabatlar alınır
Mərkəzi Bankın baş direktoru Fərid Osmanovun sözlərinə görə, qloballaşma prosesində müvafiq risklər də təhlükəsizlik, kibertəhlükəsizlik, o cümlədən həssas ödəniş, məlumatların əldə edilməsinə yönəlik dələduzluq hallarında risklər artmaqdadır.
Bunun qarşısını almaq üçün Mərkəzi Bank, aidiyyəti dövlət qurumları, hüquq mühafizə orqanları və eyni zamanda ölkəmizdə fəaliyyət göstərən kommersiya bankları birgə çalışırlar və İşçi Qrup yaradılıb.
2023-cü ilin 10 ayı üzrə məlumatlara əsasən, ötən dövrlə müqayisədə nağdsız əməliyyatların həcmi iki dəfə artıb. Bunun səbəbi, son dövrlərdə insanlarda nağdsız ödəniş vərdişlərinin kifayət qədər təkmilləşməsi, eyni zamanda bankların müştərilərinə təqdim etdikləri xidmətlər rəqəmsal ödəniş kanalları vasitəsilə təqdim olunmağa başlayıb. Hazırda kiber təhdidlər, fırıldaqçılıq halları ilə bağlı banklar Tənzimləyiciyə rüblük hesabatlar toplayır.
"Bu məlumatları təhlil edir və eyni zamanda, dələduzluq hallarının aktiv inkişafı trendini nəzərə alaraq, Mərkəzi Bank Müvafiq statistik göstəricilərinin genişləndirilməsi istiqamətində işləri paralel olaraq davam etdirir. Bu tədbirlər çərçivəsində həyata keçirilən müstəsna tədbirlərdən biri də məhz Risk əsaslı Nəzarət Çərçivəsinin formalaşmasıdır", - deyə F.Osmanov bildirib.
F.Osmanov qeyd edib ki, ümumiyyətlə beynəlxalq təcrübəyə baxdıqda dələduzluq hallarının göstəricisi Azərbaycanda beynəlxalq trendlərdən yuxarı deyil. Tədbirdə açıqlanan statistikaya görə, hazırda bu, hər 100 tranzaksiyaya qarşı 0,5% təşkil edir.
Ancaq görülməli işlər də çoxdur və bunu maliyyə sektorunda qarşılaşdığımız keyslər açıq şəkildə göstərir.