BİZNES

Almaniyada hər 15 şirkətdən biri sağ qalmamaqdan qorxur

İqtisadi böhran və tənəzzül təhlükəsindən sonra Almaniyada təxminən hər 15 şirkətdən biri özünün iqtisadi varlığının təhlükə altında olduğu qeyd edib.

Almaniyanın iqtisadi və beyin mərkəzlərindən biri olan İqtisadi Tədqiqatlar İnstitutunun (İfo) Almaniya iş dünyası ilə bağlı noyabr ayı sorğusuna əsasən, ölkədəki şirkətlərin 6,8 faizi iqtisadiyyatdakı zəiflik səbəbindən varlıqlarını təhlükə altında görür.

ENA.az xəbər verir ki, Ifo-nun hələ yanvar ayında keçirdiyi sorğuda özlərini təhlükə altında görən şirkətlərin nisbəti yüzdə 4,8 olaraq açıqlanmışdı.

Tikinti sektorunda sözügedən nisbət 5,1 faizdən 8,9 faizə yüksələrək 2020-ci ilin iyun ayından bəri ən yüksək göstəriciyə çatıb. Bu göstərici logistika sektorunda 14 faiz, enerji tutumlu kimya sektorunda isə 13,5 faiz olub.

Aktivlərini təhlükə altında görən şirkətlərin nisbəti pərakəndə sektorda yüzdə 10,3 olaraq qeyd edildi.

Səbəb kimi tələbin olmaması və inflyasiya göstərilib
İqtisadi təhlükə altında olduqlarını bildirən şirkətlərin 35 faizi buna səbəb kimi tələb və ya sifarişin olmaması, 27 faizi çətin iqtisadi mühiti, 24 faizi inflyasiya, 14 faizi isə mövcud siyasi prosesləri səbəb göstərib.

Ifo Sorğular Mərkəzinin direktoru Klaus Wohlrabe məsələni dəyərləndirərkən deyib: "İqtisadi zəiflik korporativ iflasların artmasında da özünü göstərir. Lakin bunun daha böyük dalğaya çevriləcəyinə dair hələlik heç bir işarə yoxdur".

Ölkə iqtisadiyyatı alıcılıq qabiliyyətinin zəif olması və yüksək faiz dərəcələri səbəbindən ilin üçüncü rübündə əvvəlki rüblə müqayisədə 0,1 faiz kiçilib. Alman iqtisadiyyatı son rübdə də kiçilsə, iki ardıcıl mənfi rübdə daralaraq texniki olaraq tənəzzülə uğrayacaq.

Oktyabrın 11-də hökumət qlobal iqtisadiyyatdakı durğunluq səbəbindən daha əvvəl bu il üçün 0,4 faiz elan edilən artım gözləntisini mənfi 0,4 faizə qədər yeniləyib.

Beynəlxalq Valyuta Fondu (BVF) də Almaniya üçün artım gözləntisini mənfi 0,3 faizdən mənfi 0,5 faizə endirərək, Almaniyanın bu il azalan yeganə inkişaf etmiş ölkə olacağını bildirib.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)