Sosial iqtisadiyyat

Dövlət Neft Fondundan büdcəyə köçürmələrin artması büdcə qaydasına uyğundurmu?

2024-cü ildə Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertin məbləğinin artırılması nəzərdə tutulsa da, bu, ölkənin əsas fiskal siyasət sənədinin əsasını təşkil edən büdcə qaydasının hədəflərinə xələl gətirmir.

Maliyyə naziri Samir Şərifovun Milli Məclisin bu gün keçirilən plenar iclasındakı açıqlamalarına görə, hazırda Azərbaycanın neft gəlirlərinin azalması prosesi gedir ki, bu da iki amillə bağlıdr.

"Biri qlobal dekarbonlaşma meylləri, digəri isə neft yataqlarımızdan hasilatın azalmasıdır. Bunlar, büdcə gəlirlərinə mənfi tərsir göstərir. O təsirin azaldılması qeyri-neft sektorundan daxilolmalar hesabına kompensasiya edilməlidir. Növbəti ilin büdcə layihəsində də qeyri-neft sektorundan daxilolmaların artması nəzərdə tutulub, əhəmiyyətli artım gözlənilir. Amma bu artımlar neft gəlirlərinin azaldılmasını tam kompensasiya etmir. Bununla bağlı qarşımızda böyük vəzifələr var. Bu vəzifələr əsasən işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması, ölkə iqtisadiyyatına reinteqrasiyasıdır. Bu məqsədlə büdcədən hər il vəsaitin təmin edilməsi vacibdir. Hesab edirəm ki, ARDNF-dən transfertin bir qədər artması makro-iqtisadi sabitliyə xələl gətirməyəcək dərəcədə, kifayət qədər əsaslıdır", - deyə o qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)