Bank

Tamerlan Rüstəmov: “Kiçik həcmli ödəniş əməliyyatlarında qəbzdən azad olmaq lazımdır”

Təmassız ödənişlərə maraq artdıqca ekosistemdə asılılıq artır. Bu asılılığı azaltmaq üçün yeni innovativ həllərin yaradılmasına ehtiyac duyulur.

Bu fikri Azərbaycan Banklar Assosiasiyasının Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupunun sədri Tamerlan Rüstəmov Bankçılıq Forumunda səsləndirib. Onun sözlərinə görə, rəqəmsal bankların yaradılmasına  məcburi və yaxud könüllü yanaşma ola bilər: “Artıq Azərbaycan “Mərkəzi Bank haqqında” qanuna dəyişiklik edilib və xüsusi tənzimə rejimi tətbiq olunur. Bundan istifadə edərək “Sand box” rejimində çalışan rəqəmsal bankın yaradılması ilə bağlı müraciət edilə bilər. Yaxud məcburi bir norma olmalıdır. Artıq ölkədə “Rəqəmsal bank haqqında” qanun layihəsinin hazırlanması bir zərurətdir. Bunun üçün bizdə kifayət qədər ixtisaslı kadrlar, ekspertlər də mövcuddur. Nəzərə alsaq ki, qanun layihəsinin hazırlanması və qəbul olunması çox uzun bir prosesdir. Təklif edərdim ki, bu layihə artıq başlansın”.

T.Rüstəmov bankların xərclərini azaldacaq digər bir təklif də səsləndirib. Onun fikrincə, mobil bank xidmətlərini təkmilləşdirməklə POS-terminallardan istifadə zamanı qəbzlərin çap edilməsinə son qoymaq lazımdır. Bu, ödənişlərə daha minimal vaxt sərf olunmasına xidmət edəcək.

“Ödəniş sistemləri və ödəniş xidmətləri haqqında” yeni qanunun 20-ci maddəsində müəyyənləşdirilib ki, kiçik həcmdə ödəniş alətlərinə münasibətdə məlumatlandırma prinsiplərində müəyyən istisna ola bilər. Niyə  bundan yararlanmayaq? POS-terminalın qəbzini almayaq. Buna öyrənmək üçün müəyyən müddət lazımdır. Məlumatlandırma məcburi olarsa, bank hesabdan çıxılan vəsailə bağlı informasiyanı mobil proqram vasitəsilə vətəndaşa göndərə bilər. Mərhələli qaydada kiçik həcmli ödəniş əməliyyatlarında qəbzdən azad olmaq lazımdır. Minimum təmas budur. Nəticədə bank xərcdən azad olur, əməliyyat daha tez baş verir”.

T.Rüstəmov özünəxidmət terminallarında və bankomatlarda təmassız ödənişlərin məcburi olması məsələsi də toxunub. Onun fikrincə, sektorda inkişaf getdikcə müəyyən bir mərhələdən sonra bu, məcburi olmalıdır. Bu da təmassız ödənişləri stimullaşdıracaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)