Bank

Günay Bank və Muğanbank niyə bağlandı? Onları sağlamlaşdırmaq üçün vaxt verildimi?

Bankların rəqəmləri
2023-cü ilin aprel ayında bağlanan “Günay Bank” ASC 1992-ci ildə fəaliyyət üçün lisenziya alıb. Bankın səhmdarları 3 hüquqi, 2 fiziki şəxsdir. Bankın maliyyə hesabatına əsasən, aprelin 1-nə “Günay Bank”ın aktivləri 274,3 milyon manat, kredit portfeli 200,9 milyon manat təşkil edib. 2013-cü il, martın 31-nə “Günay Bank”ın kapitalı 67 milyon 978,28 min manat (artım 0,6%), nizamnamə kapitalı 64 milyon 910,093 min manat (dəyişməyib) təşkil edir. Bank 2023-cü ilin I rübünü 277,19 min manat məbləğində xalis mənfəətlə başa vurmuşdu.

2023-cü ilin oktyabr ayında bağlanan“Muğanbank” 1992-ci ilin noyabr ayında yaradılıb. Bankın səhmdarları 5 fiziki şəxsdir. “Muğanbank”ın aktivləri 647 milyon 971,37 min manat, kredit portfeli 447,416 milyon manat, kapitalı 147,079 milyon manat (2023-cü ilin 9 ayında artım 57,8%), nizamnamə kapitalı 162,5 milyon manat (2023-cü ilin 9 ayında artım 51,2%) təşkil edir.  2023-cü ilin yanvar-sentyabr aylarında fəaliyyətinin yekunları üzrə bankın zərəri 1 milyon 287 min manat olub.

Mərkəzi Bankın "güzgü rəqəmləri"
Günay Bank

Lisenziyanın ləğv edilməsinə səbəb bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3%-dən az olması, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirməməsi olub.

Muğanbank
Məcmu kapitalın miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə lisenziyası ləğv edildi.

45-dən 23-ə...
8 il əvvələ Azərbaycanda 45 bank mövcud olub. 2020-ci ilin avqustunda bu bankların sayı 26-ya enib. Beləliklə, Elman Rüstəmovun baş bankir olduğu dövrdə 22 bank bağlanıb, bir bank isə sonradan bağlanan Atabanka birləşmişdi. Əvvəlcə ləğvedici şirkətlər bu prosesə cəlb edildilər, amma tezliklə ləğvetmə prosesi dövlətin inhisarına alındı və Əmanətlərin Sığortası Fondu inzibatçı qismində çıxış etməyə başladı. Bu fondun açıq olmaması, bankların əmlaklarının hərrac prosesi, kreditorlar qarşısında şəffaf olmaması ayrı bir müzakirənin mövzusudur. Beləliklə, son 3 ildə isə daha üç bankın lisenziyası ləğv edilib və iki bankın lisenziyasının ləğvi AMB-nin yeni sədri Taleh Kazımovun vaxtında baş verib.

 

Sistem əhəmiyyətli deyilsə...
Bağlanan banklar arasında sistem əhəmiyyətli bank yalnız Standard Bank idi, ədalət naminə deyək ki, Azərbaycan Beynəlxalq Bankı da müflis vəziyyətdə idi və hər iki bankın Azərbaycan manatının iki dəfədən çox ucuzlaşmasında xüsusi “əməyi” var. Dövlət hər iki bankı xilas edə bilmədi və təbii olaraq ABB-ni “ölümdən xilas etdi”. Ləğvetmədə olan daha bir neçə bankla bağlı proseslər daha ağrılı keçsə də davam edir. Atrabank kimi daha çox pul köçürmələrdə vasitə rolunu oynayan banklarla bağlı işlər daha rəvan gedir və onların depozit portfelinin qaytarılması üzrə vurduğu “sosial ziyan” elə də yüksək deyil.
Ədalət naminə deməliyik ki, sələfindən fərqli olaraq bank sisteminə innovativ və müasir baxışı ilə fərqlənən Taleh Kazımov ilk növbədə sektorun dayanıqlığını təmin etməyə çalışır və mərkəzi bankçılığa məxsus alətlərin Azərbaycanda tətbiqinə böyük səy göstərir. Dayanıqlığın təmin edilməsi isə dəqiq, şəffaf yanaşma, prudensial normalar uyğun olmayan bankların vəziyyətinə aydınlıq gətirməyi tələb edir.

İndiki rəqəmlər düzdür
Bağlanan 23 bankın nümunəsi göstərmişdi ki, bankın açıqladığı hesabat ilə Mərkəzi Bankın verdiyi qərardakı rəqəmlər bir-birinə uyğun gəlmir. Taleh Kazımov GünayBank ilə bağlı verdiyi açıqlamada, “əmin ola bilərsiniz ki, indiki rəqəmlər düzgündür”, - demişdi. 

Qayıdaq son iki ləğvetməyə...
Oxucularımızın diqqətinə çatdıraq ki, rüblük hesabatlardan əlavə banklar AMB-yə aylıq hesabatlar göndərirlər. Bu hesabatları tutuşdurarkən bankların vəziyyətini daha açıq şəkildə görmək olur. Eləcə də Günay Bank və Muğanbankın kapital çatışmazlığı və bank fəaliyyəti ilə bağlı bəzi qanunsuz əməliyyatları məlum idi və bunlarla bağlı səhmdarlara xəbərdarlıq edilmişdi. Vaxt da kifayət qədər verilmişdi. Günay Bankın səhmdarı Mahmud Məmmədov 2022-ci ilin sonuna vəziyyəti düzəldəcəyinə söz vermişdi və Bank bağlanana 4 gün qalana qədər “banka pul qoyulacaq, problemlər həll ediləcək”, - deyə komandaya bildirilmişdi. Lakin nəticə ləğvetmə ilə bitdi.

Muğanbanka gəlincə, Beynəlxalq Reytinq Agentliyi olan SP-un məlumatına görə, kapital əmsalı 2022-ci ilin sonuna 2,4% olub və əlavə kapitaldan sonra risklər azaldılsa, 5%-ə çata bilərdi. 2023-cü ilin iyun ayında kapitala nəzarət payına malik olan Elmir Mehdiyev öz səhmlərini hazırda bankın səhmlərinin 73%-nin birgə sahibi olan Vəliyevlər ailəsinin üzvləri Munir və Samir Vəliyevlərə ötürmüşdü. Digər minoritar səhmdarlar Elmir Mehdiyevin anası Fəridə Mehdiyeva və həyat yoldaşı Vəfa Vəliyevadır. Nəticədə Elmir Mehdiyevin payı 1%-dən aşağı düşmüşdü.

Elmir Mehdiyev Maqbet Mehdiyevin oğludur
Bu bankın Ramiz Mehdiyevin oğlunun olduğuna dair mətbuatda yanlış məlumatlar tirajlanır. Əslində bankın sahibi Odlar Yurdu Universitetinin yiyəsi, keçmiş millət vəkili Əhməd Vəliyevdir. Elmir Mehdiyev isə vaxtilə Bakı sirkinin direktoru olan Maqbet Mehdiyevin oğludur və Əhməd Vəliyevin qızı Vəfa Vəliyevanın həyat yoldaşıdır. Munir və Samir Vəliyevlər isə Vəfa Vəliyevanın qardaşları, yəni Əhməd Vəliyevin oğullarıdır.

Elə bu ilin yay aylarında Azərbaycan Mərkəzi Bankı Muğanbankda yoxlamalara başladı. Artıq bankın komandası “yəqin ki, bizi bağlayacaqlar”, deyirdilər. Hətta bəzi günlər daxili köçürmələr belə dayandırılırdı. Banka əlavə səhmdar cəlb edilməsi və sağlamlaşdırılması üçün AMB vaxt verdi. Lakin bu bankda da idarəetmə sistemi, kadr problemi dərin idi və bunu sektor da öz arasında yaxşı bilirdi. 2023-cü ilin əvvəlində Muğanbank-ın Mingəçevir şəhər filialına qarşı cinayət işinin açılması da menecmentin zəifliyinin göstəricisindən biri idi.       

Qocaman bankirlərin rəhbərlik etdiyi bu bankların bağlanmasına səbəb...
Peşəkar bankir, "PAŞA Bank"ın İdarə Heyətinin sədr müavini Bəhruz Nağıyev hesab edir ki, qocaman bankirlərin rəhbərlik etdiyi bu bankların bağlanmasına səbəb mövcud rəqabət mühitidir.

“Müasirləşmə dövrüdür, tələblər artır. Düşünürəm ki, bu prosesərin nəticəsində tələblərə cavab verməyən banklar barədə tənzimləyici qərarlar qəbul edir. Maliyyə sabitliyini təmin etmək tənzimləyicinin öhdəliklərindən biridir. Normativ tələblərə cavab verməyən hər bir bankı belə aqibət gözləyir. Çünki banklar vətəndaşların, hüquqi şəxslərin və səhmdarların vəsaitləri ilə fəaliyyət göstərirlər. Həmçinin bank sistemində ciddi problemlər iqtisadiyyata, maliyyə sisteminə mənfi təsir edə bilər".

"PAŞA Bank" ASC-nin Komplayns və idarəetmə blokunun baş direktoru Anar Kərimovun da fikirləri maraqlıdır:
"Lisenziyaları ləğv olunan banklara dəfələrlə xəbərdarlıqlar edilir, söhbətlər aparılır. Bəzən elə olur ki, banklara birləşmək üçün şans verilir. Lakin biz görürük ki, səhmdarları bankın kapitalını artıra bilmirlər və ya birləşmək barədə razılaşmırlar. Belə olan halda da Mərkəzi Bank minimal itkilər ilə qərarlar qəbul edir. Belə ki, əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaqdır".

Bəs, bankların ləğvi prosesi daha çox vətəndaşlara, yoxsa iqtisadiyyata əks təsir edir?

Sözügedən mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli belə fikirləşir ki, xırda bankların sıradan çıxması maliyyə institutlarına qarşı inamsızlıq yaradır. 

"Azərbaycanda maliyyə institutlarının effektiv fəaliyyət göstərməsi üçün 23 bank da çoxdur. Amma bankların bəzilərinin bağlanması, saylarının azalması prosesi bazar rəqabəti şəraitində həyata keçməlidir, süni inzibati təsirlər əsasında yox. Hazırda problem ondan ibarətdir ki, xüsusi ilə də qeyri-dövlət, özəl sektorda olan banklar var ki, ciddi inzibati və maliyyə resurslardan faydalanırlar. Müəyyən səbəblərdən və digər bankların bu cür çıxış imkanları olmadığına görə rəqabətə davam gətirmir və uyğunsuz vəziyyət yarandığı üçün riskli kreditlər verməyə məcbur olurlar. Bu da sonda kapital yetərsizliyi ilə başlanan ciddi problemlər yaradır.

Dövlətin əmanətləri sığorta fondunun olması və bu prosesdən istifadə əmanətlərini sığortalı şəkildə banklara yerləşdirən vətəndaşlar bu prosesdən çox əziyyət çəkmirlər. Bankların iflası halında sığortası olmayan vətəndaşlar öz əmanətlərini geri ala bilmirlər və ya geri ala bilsələr də, buna illərlə vaxt gedir, bu da sahibkar üçün çox ciddi problemdir. Kiçik bankların bağlanması və lisenziyasının ləğvinin iqtisadiyyata ciddi təsirini görmürəm. Xırda bankların sıradan çıxması, maliyyə institutlarına qarşı inamsızlıq yaradır".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)