Bank

Azərbaycan banklarının xarici borcları artır

Azərbaycanda fəaliyyət göstərən bankların xarici borcları artıb. ENA.az xəbər verir ki, 2023-cü il sentyabrın 30-na olan xarici öhdəliklərin həcmi 2 milyard 364,4 milyon manat həcmindədir. Bu isə 2022-ci ilin sonuna olan göstəricidən 34,2% çoxdur.

Azərbaycan Mərkəzi Bankın məlumatına görə, bankların xarici öhdəlikləri avqustda 21,9 milyon manat, sentyabrda 11,3 milyon manat artıb.

Mərkəzi Bankın məlumatına görə, sentyabrın sonuna Azərbaycan banklarının xalis xarici aktivləri 2 milyard 879,3 milyon manat təşkil edib ki, bu da 2022-ci ilin sonundakı göstəricidən 2,2 dəfə azdır.

Bununla yanaşı, sentyabrda Azərbaycan banklarının xalis xarici aktivləri 5,2% və ya 158,2 milyon manat azalıb. Avqustda bu kiçilmə 559,6 milyon manat olmuşdu. 

2022-ci ildə bankların xarici öhdəlikləri 65,7%, xalis xarici aktivləri isə 10,7% artıb.

Azərbaycanda bankların xarici öhdəlikləri aşağıdakılardan formalaşır: qeyri-rezidentlərdən cəlb edilmiş kreditlər, qeyri-rezidentlərdən cəlb edilmiş depozitlər, qeyri-rezidentlərin qarşısında yerləşdirilmiş qiymətli kağızlar.

Azərbaycanda 2023-cü ilin sentyabr ayının sonunda 24 bankın fəaliyyət göstərmək üçün lisenziyası olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)